Qəzəl
Sənə zahid ötürən təsbehi bir yanə elə,
Yaşa qəlbində Xuda zikrini şahanə elə. Ey libasıyla bürünmüş, gecələr qalx ayağa! O yatan gözləri həq nuruna pərvanə elə. Onu yüksək tutaraq şə’ninə tə’rif deməli, Ona şahanə olan hər sözü dürdanə elə. Oxuyub ayələri zehninə yaz, qəlbinə yaz, Sənə heyrətlə baxan kəsləri divanə elə. Elə ver ayələrin şərhini ki, yanğı ola, Oxuyub dinləyəni haqq ilə məstanə elə. Səni şair yaradıb xilqəti yoxdan yaradan, Tutduğun yolda nə etsən onu mərdanə elə. Ey Anar, aləmə əş’ar ilə ayətləri yay! Zahidin din dediyi hər şeyi viranə elə. Müəllif: Anar Əhəd |