Qəzəl - Edəsən
Meh ki, əsdi dağıdıb zülfü pərişan edəsən.
Ara bir incə sığaldan çəkəsən yan edəsən. Dartasan yay kimi kirpiklərini ox atasan, Ürəyindən vurasan aşiqi al qan edəsən. Göstərib lütfünü hərdən verəsən qəlbə ümid, Parçalanmış ürəyin dərdinə dərman edəsən. O ümiddən bir öpüş istəyi düşsün könülə, Qoparıb yarəsini qanına qəltan edəsən. Yaşanan mənzərələr qəlbinə insaf gətirə, Bir öpüşdən nə qəbahət deyib ehsan edəsən. Hər cəfanın sonu bitsin təki balnan gözəlim! Razıyam sən məni hər cövrünə qurban edəsən. Ölü bir qəlbə həyat bəxş eliyən eşqdir Anar, Yaşa öz eşqini aləmləri heyran edəsən. Müəllif: Anar Əhəd |