Qəzəl - Yaraşır tər üzünə
Vurma gəl çeşmə suyundan yaraşır tər üzünə,
Çün lətafətlidi tər qətrəsi dilbər üzünə. Dilim, ağzım qurusun qəlbinə dəydimsə əgər, Nə dedim qarə bulud çökdü münəvvər üzünə! Yar üzün mə’cərə sarmış xətibin bir sözünə, Görüm Allah onu həsrət qoya minbər üzünə. Hansı sərsəmdi görən eşqi məzəmmət eliyir? Mən üzü ağ çıxaram eşq ilə məhşər üzünə. Mən özüm Xaliqə iman eliyən, şahid olan, Görmədim xilqətin olsun üzü bənzər üzünə. Qəzəlimnən yaşaram eşqimi məktəbli kimi, Yazaram, həm çəkərəm rəsmini dəftər üzünə. Anarın həsrəti bitməz, bu gedişnən kor olar, Ona cənnət verilər olsa müyəssər üzünə Müəllif: Anar Əhəd |