İnsanlığa xidmət elə, Rəhmanın üçndür
Dövlət ucalır, yüksəlir ad-sanın üçündür.
Xalqın da firavanlığı öz şanın üçündür. Dünya evi son mənzilün ünvanın üçündür. İnsanlığa xidmət elə, Rəhmanın üçündür. Xoş gün yaşayan xalq axı üsyan niyə etsin? Ya yüz ola, ya min ola insan, niyə etsin? Səndən gileyi olmasa tüğyan niyə etsin? Xalqın ayağa qalxmağı nöqsanın üçündür. İnsanlığa xidmət elə, Rəhmanın üçündür. Rəhbər olanın ordusu millət gərək olsun. Rəhbər gücü millətdəki vəhdət gərək olsun. Rəhbər kəsin hökmündə ədalət gərək olsun. Cənnət və cəhənnəm yeri fərmanın üçündür. İnsanlığa xidmət elə, Rəhmanın üçündür. Yüksək bəzədin ölkəni inci sədəfindən. Lakin xəbərin olmadı ömrün tələfindən. Hər kəs sınanır dünyada Allah tərəfindən. Millətlə sınanmaq sənə, imkanın üçündür. İnsanlığa xidmət elə, Rəhmanın üçündür. Mən zalıma, hər düşmənə Allah adı çəkdim. İslah ola bəlkəm yenə Allah adı çəkdim. Zənn eyləmə qorxub sənə Allah adı çəkdim, İsmin yada saldım ki, bu imanın üçündür. İnsanlığa xidmət elə, Rəhmanın üçündür. Müəllif: Anar Əhəd |