Əlində təsbeh tutan saqqalı göyçək kişi
Elə bil arşın udub, qaməti yüksək kişi.
Əbalı, əmmaməli, qarnı da çəllək kişi. Yad eldə təhsil alıb, aləmə örnək kişi. Gəlib Bakı şəhrinə oldu mübarək kişi. İlahinin xanəsin eylədi dərnək kişi. Əlində təsbeh tutan saqqalı göyçək kişi. Rütbə, məqam aşiqi, həzz alacaq payədən. Bəhanədir nəfs ona, xəlq olunub mayədən. Mömin olan nəfsini tutmaz uzaq sayədən. Yarım balaq tay balaq dərsi keçər ayədən. İlahi ruhanidi yoxsakı dəllək kişi?! Əlində təsbeh tutan saqqalı göyçək kişi. Üzündəki xisləti niyyətinin görkəmi. Cəhənnəmi vəsf edər, xanə tutar matəmi. Dünyanı gözdən salar, yas bürüyər aləmi. Qur’an açıb şərh edər məhrəmi naməhrəmi. Qıraqda övrət süzən sinəsi ördək kişi. Əlində təsbeh tutan saqqalı göyçək kişi. Öləndə Fərhad kişi çay qırağın addadı. Güya bunun niyyəti mərhuma, Fərhaddadı. Mərasimin həll edib üç dənə yüz qatdadı. Dilində yasin deyər, huşu dul arvaddadı. Batırdı bığ, saqqalın ağzı tüpürcək kişi. Əlində təsbeh tutan saqqalı göyçək kişi. Düşüncəsiz kimsənin oldu fəna illəri. İtirdiyin görmədi, bilmədi amilləri. Nə var ki, aldatmağa dindəki qafilləri. Bəlağətin yaxşıdır, xanədə cahilləri, Həyətdə gir tövləyə noxtala eşşək kişi! Əlində təsbeh tutan saqqalı göyçək kişi. Müəllif: Anar Əhəd |