Yaxşı ki, rəhbər deyiləm, ey Xuda!
Mən sıradan xəlq olunan bəndəyəm,
Yaxşı ki, rəhbər deyiləm, ey Xuda! Həm də ürəydən yuxayam, kövrəyəm, Zalıma bənzər deyiləm, ey Xuda! Mə’muru tənbeh dəfələrnən edim?! Kəlməsi xəncər deyiləm, ey Xuda! Fərmanı verdim gərək icra ola, Əmri mükərrər deyiləm, ey Xuda! Qazilərin haqqını nəynən alım? Mən ki, kələntər deyiləm, ey Xuda! Ordu sürüm üsyan edən xalqıma? Daş kimi mərmər deyiləm, ey Xuda! Xalqıma qaz sərvətini satmaram, Çün üzü əhmər deyiləm, ey Xuda! Fəhləni heyvan kimi it bilmərəm, Xanəsi qəmbər deyiləm, ey Xuda! Şairi,* lal, alimi lal, molla lal, Lalla bərabər deyiləm, ey Xuda! Zülmü görüb həq deməsəm vay mənə! Mən elə nokər deyiləm, ey Xuda! Mən bilirəm həqqi, məşəqqətlidir, Kamə müyəssər deyiləm, ey Xuda! Mən Anaram, həqqə naxış vurmaram, Sən’əti zərgər deyiləm, ey Xuda! Müəllif: Anar Əhəd |