Qəzəl - Şeytan sifət
Rəməl bəhri
FA’ilAtün FA’ilAtün FA’ilAtün FA’ilün Et nihan peymanəni saqi gəlir şeytansifət, Bir qədəh nuş etmişik qusdurmasın heyvansifət. Qorxma gəl görsən əgər zahirdə iblis xislətin, Bir sözün duysan deyərsən sehrdən insansifət. Xaliqin rəhmi genişdir badə iç, nəfsin çəkir, Et bu məclisdə günah, mehraba gir peşmansifət. Bir günah etsən utansan boğsa gər vicdan, həya, Üzdə saqqaldan hicab saxla, olar pünhan sifət. Mən ki, dabbağda gönündən haliyəm gəlmə kələk, Xoş kəlam, üç – beş hədis etməz səni imansifət. Gəl məzəmmət etmə mey əhlin, olar eşqə fəda, Mə’nəviyyatdan uzaq insan olur hədyansifət. Ey Anar, vaiz nə bilsin aləmin, eşqin qəmin, Gördü dünya cənnətin göstərmədi dövran sifət. Müəllif: Anar Əhəd |