ƏFLATUN KEŞƏLİNİN SALMAN QAZİ İLƏ DEYİŞMƏSİ
Əflatun Keşəli:
Harda olsan söhbətinə sərraf ara, düz danış, Gər olmasa əhli halın kəsə eylə, az danış. Sözü demə anlamaza, ağız büzər, yan keçər, Əhli ürfan məclisində cövlan elə, saz danış. Salman Qazi: Nadanlar söz anlamaz, ha can yandır, yüz danış, Onu başa salmaq üçün al əlinə biz, danış. Heyvandan heyvan törəyər, ataların sözü var, Kişisənsə tənəsinə anlamazın döz, danış. Əflatun Keşəli: Ara, axtar harda varsa insan oğlu insanı, İblis olan şər axtarar nahaq qaraldar qanı, Müxənnəti bir sözündən seç arala, tez tanı, Düşər olsan nadan içrə, üzün eylə boz, danış. Salman Qazi: Əhli ürfan məclisində sözüm gövhər, ləl olub, Ağlı dayaz, gözləri şor hər kəsə əngəl olub. Bir meydana mərd varanda namərd susub lal olub, Hikmətindən hali olmaz söz dalınca söz danış. Əflatun Keşəli: Qalmağallı məclislərdən kənar eylə özünü, Nahaq yerə zəhmət çəkib zay eyləmə sözünü. Ay Əflatun, Allaha dön, haqqa çevir üzünü, Yalqız olsan al əlinə dəftər-qələm yaz, danış. Salman Qazi: Salman Qazi həmi şair, həm ibadət əhlidi, Sazlı-sözlü bir insandı, eşq-məhəbbət əhlidi. Görən deyir bərəkallah, bu şeyriyyət əhlidi, Sözlərini inci eylə, bircə sapa düz danış. |