Məsnəvi
Canımın parəsi oğlum, sənə var məsləhətim.
Əcəlim var gedəcəm mən qalacaq səltənətim. Ona sahib çıxacaq tək oğulum tək sənsən, Mənə nəslimdə mübarək oğulum tək sənsən. Qədəmin dəydiyi gün taxtına ellər sevinər, Neçə cür namə gələr, baxtına ellər sevinər. İçi xain, çölü insan kimi yaltaq çoxalar, Başı boş beş para etməz dəli, axmaq çoxalar. Belə insanlara üstün tərəfin elmindir, Onların hiyləsini dəf edəcək helmindir. Nə xəyanət arasan bax elə xislətdə olar, Qabağın kəsməyə güc dağ kimi millətdə olar. Millətin ruhunu yüksək elə, ruh nər gücüdür, Nə qədər nər gücü var qolları rəhbər gücüdür. Qara millətdi deyib milləti yoxsul eləmə, Bir qarın əkmək üçün bəy qapısın qul eləmə. Acı, qəm, qüssə, kədər insanı müdrik yaradar, Xalqı müdrik eləmək rəhbəri əskik yaradar. Hər zaman xalqa firavan yaşamaq imkanı ver, Cəmi aləmdə olub görmədiyi dövranı ver. Elmi təhsil ocagın qur ki, kifayət eləsin, O ocaqdan çıxacaqlar sənə xidmət eləsin. Uca tutsun səni hər saniyə nikbin yaşasın Bir də Allah yolunu var elə ki, din yaşasın. Yaşasın, çünki, sabah ölməyə insan tapasan, İki nitqinlə vətən uğruna qurban tapasan. Bu həyatdır yazılıb ta ki əzəldən belədir. Heç giley eyləmiyin gah belədir, gah elədir. Mən də şair kimi icad eliyib can qoyuram, Burda həm rəhbərə, həm xalqıma ünvan qoyuram. Rəhbərin ünvanı əlbət özünə bəlli olar, Nədi şe’rimdəki söhbət özünə bəlli olar. Məni fəhm eyləməyən millət içindən çıxacaq, Anlayıb dərk eliyən hikmət içindən çıxacaq. Mən Fizuli deyiləm farsca ərəbcən danışım, “Mələəl – aləmə nurən və sürurən” danışım. Nə fikir var, dilimin sadə sözünnən qururam. Xalqa üst mərtəbənin baxma gözünnən qururam. Yəni millət, ya özün taleyivün rəhbəri ol, Ya da bir səltənətin kandarının nokəri ol! Müəllif: Anar Əhəd |