OLSUN GƏRƏK (Rəşid Çerpanovla şerləşmə)
Rəşid:
Mən şair deyiləm, əsl şairlər Hər sözün önündə qul olsun gərək. İndi zəmanənin xarabı çıxıb, Şairin cibində pul olsun gərək. Əflatun: Razıyam səninlə şair qardaşım, Şairin önündə yol olsun gərək. Zəmanə tələbi indi belədi, Arxada qüvvətli qol olsun gərək. Rəşid: Ağzından tökülər nuru şairin, Qədrini bilməzlər diri şairin, Pulnan ucalıbmı biri şairin, Şairin arxası el olsun gərək. Əflatun: Nur ki Allahdandı, gələr şairə, Layiqli qismətdi, bölər şairə, Onu verən hörmət dilər şairə, Şairin sözləri bal olsun gərək. Rəşid: Sözümdə həqiqət aşikar olur, Pulsuz redaksiya dinmir, lal olur, Zaman şair üçün zülümkar olur, Şairin köməyi əl olsun gərək. Əflatun: Həqiqət sözünü anlayan bilər, Anlamaz nə qanır, elə hey gülər, Nadanlar içində şairlər ölər, Şair olan əhli-hal olsun gərək. Rəşid: Rəşidəm qələmim əlimdə hazır, Qəlbim nə söyləyir barmağım yazır. Düşmənlər mənimçün hey qəbir qazır, Qazanın əlində bel olsun gərək. Əflatun: Əflatun səninlə versə baş-başa, Bil ki düşmənlərin çəkərlər haşa. Baxmayaq sərvətə, nə də daş-qaşa, Dost arası şirin dil olsun gərək. |