UNUTDUM
Bir tərsa gözəli yandırdı məni,
Özüm özlüyümü yaman unutdum. İnsanmı, mələkmi, bilə bilmədim, Qarşıma çıxdığı zaman unutdum. Bu necə işvədi, bu necə əda, Gülüşü qəlbimi qalayır oda. Nə uzaq dolanır, nə yetir dada, Başımda əsdirir duman, unutdum. Mən oldum şeyx Sənan, o bir Xuraman, Əl vermir əlimə, deyir: "alış-yan". Elə nazlanır ki mənə uzaqdan, Qalmayır könlümdə iman, unutdum. Haradan tuş oldu zalım balası, Qaymaqdı dil-dodaq canı yanası. Şahanə duruşu Metex qalası, Əsir düşdüm özüm, inan, unutdum. Boynundan asıbdır İsəvi xaçı, Özü gözəllərin başının tacı. Əflatun olubdur onun möhtacı, Varmı bu sözləri qanan, unutdum. |