DOĞRULUQ DOST QAPISI
Hər şeyin bir ölçüsü vardır özünə görə,
İnsanın ölçüsü də gəlir sözünə görə. Boyda-buxunda deyil, nə də ki adətində, Gücün çoxunda deyil, nə də var-dövlətində. Şərəfində, şandadır insanın dahiyyəti, Nəfəsində, qandadır insanın mahiyyəti. Allahın verdiyi söz bizim üçün meyardır, Gərək söyləyəsən düz, düzlük insana yardır. Çox müxtəlifdir sözlər, yaxşısı - pisi də var, Əsli olanlar gözlər əsil sözü harda var. Söz qaldırar insanı mərifətə mindirər, Söz var qaraldar qanı, vəhşilərə döndərər. İnsan oğlu yaranıb doğru sözü söyləsin, Hikmətlilərin anıb, başa çələng eyləsin. Amma eləsi var ki, anlamayır söz nədir, Onun üçün nə var ki, əyri nədir, düz nədir. Sadəcə dinləməkdir işi, gücü, peşəsi, Dünyada boş əməkdir ağız dadı, nəşəsi. Ancaq elə əlləşir bir qarın yemək üçün, Elə hey fikirləşir havayı əmək üçün. Boş söhbətdən, boş sözdən bir fayda alammazsan, İnsanı salar gözdən, zirvədə qalammazsan. Sözdür zirvəyə doğru ucalan bir nərdivan, Özün olasan doğru, söyləyəsən düz hər an. Haqqa yetişər əlin, doğru danışan zaman, Əyri alammaz bilin, doğrulardan bir aman. Söyləmək istəsə də, bilməz sözün qiymətin, Nə qədər ki ötsə də, almaz düzün qiymətin. Arada it-bat olar hərzə-hədyan sözləri, Rəngi gül təki solar, qana dönər gözləri. Əyrinin işi getməz heç bir zaman irəli, Əmək çəksə də bitməz meyvəsi, solar gülü. Doğru sözdən heç kimsə peşiman olmayıbdır, Yalançılar nə umsa, umduğun almayıbdır. Doğru sözün qiyməti hər zaman yüksəkdədir, Doğruların hörməti daim ürəklərdədir. "Doğruluq dost qapısı" söyləmişdir atalar, Nəsihətdir hamısı, nur içində yatalar. |