Göy atıGöy atı Göy atı, aç qanadın, Göstər gücün, inadın, Fəth edən könülləri, Dəyişən özülləri, Yerə bir insan gətir! Sən gətirdin bir zaman, Asimandan türkə can. Bu, Allahın payıydı, Şamanların tayıydı, Yeni bir xaqan gətir! Qıraqda qalıb “azan”, Hamı deyir “pul qazan”. “İslam”mı düşdü dəbdən, Əstağfürullah, təbdən Dərdlərə dərman gətir! Bəşər tamam pozulub, Yuxular tərs yozulub, Əzab çıxıb boğaza, Baxan yox çoxa, aza, Nə versən asan gətir! Silah icad eylədik, Özümüzə neylədik, Mərmilər etdi gərdiş, Əzrayıla yoxdur iş, Gəl, bizə ehsan gətir! Göy atı, sinəni gər, Açılsın yeni səhər. Gör, zəmanə nə oxur, Yeni peyğəmbər doğur, Dərdləri çözən gətir! Yüz-yüz oyun açırlar, Tülkü kimi qaçırlar, Danışırlar ağ yalan, Tökülür köhnə palan, Dilləri üzən gətir! Hamı gəzir şərəf-şan, Afrikasa pərişan. Görən yoxdu minləri, Acından ölənləri, İmdadı özün gətir! Ayırdılar milləti, Yaşatdılar zilləti, Bir bədənlə can kimi, Lap Azərbaycan kimi, Təfəkkür də dəyişdi, Beyinlər də keyişdi, Tarixi yazan gətir! Utanmır Amerika, Tapdı yeni “evrika”, Müsəlman qanı içib, Ardan, namusdan keçib, Gördü yaramır yalan, Seçdi taxta müsəlman, Qır dolu qazan gətir! Pay-ülüşü xırda pul, İnsanları edib qul. Adı “demokratiya”, Özü “plutokratiya”, “İnsan haqqı” deyirlər, Özgə haqqın yeyirlər, Gələndə mizan gətir! Öz içində fironlar, Nəhəng narkobaronlar, Dəftəri raket, bomba, Qələmi “alfa”, “qamma”, Yazır qərəzli dastan, Dağılır Əfqanıstan, Fərmanı pozan gətir! “Allah” deyir dilləri, Haram tutur əlləri, Uyğurları yaxırlar, Cəhalətə axırlar. Belə getməz bu halət, Bu qədər olmaz qələt, Yuxumu yozan gətir! Elbəyinin dərdi çox, Ümid yeri tamam yox. Ünüm yetmir Allaha, Ümid sənədir daha, Əl açmışam, Göy atı, İşıqlandır həyatı, Heç nəyə qıymasan da, Sözümə uymasan da, Qəbrimi qazan gətir! Elbəyi CƏLALOĞLU |