Köhnə xatirələr hərdən dərd olur
Köhnə xatirələr hərdən dərd olur
Sən yolmu çaşmısan illər sonrası, Yoxsa bu, yuxumu, yozmamışam mən? Vaxt gəlib olandan övlad atası, Hələki yolumu azmamışam mən. Bir sevgi yaşadıq yuxular qədər, Bundan mənə qaldı yalnız qəm, kədər. Sən demə hisslərin hədərmiş, hədər, Dərindən əridib süzməmişəm mən. O sənli günlərim gözümdə solur, Köhnə xatirələr hərdən dərd olur. Xəyalın danlayıb, saçımı yolur, Amma bircə əsər yazmamışam mən. Qoymadım ünvanın qala yadımda, Hicrindən daşlarda qala adım da. Yalanmış sözlərin hər bir addımda, Ömrümü səninlə düzməmişəm mən. Sonralar anladım yoxuymuş vəfan, Ötəri hiss imiş sənin hər cəfan. Daha kömək etməz peşmanlıq, fəğan, Demə ki, ömrümü üzməmişəm mən. Söz ver ki, bir daha çıxmam qarşına, El də yaraşdırmaz bunu yaşına. Get, uşaqlarını topla başına, Hələ ocağımdan bezməmişəm mən. Elbəyi yaşayır ömrü birtəhər, Haqqa şükür edir hər axşam, səhər. Qızlarım mələkdi, oğullarım ər, Həyatda boşuna gəzməmişəm mən. Elbəyi Cəlaloğlu |