4
Yorum
3
Beğeni
5,0
Puan
2638
Okunma

İLHAMLI FƏRİZƏ
(1990-cı ilin qanlı 20 yanvar günü Bakı şəhərində Azərbaycanın azadlığı naminə canlarından keçərək qanları ilə böyük “SEVGİ” yazmış İlham və Fərizə-
nin əziz xatirələrinə)
Sevgi dünyasının doğdu Günəşi,
Başına dolandı Ay yavaş-yavaş.
Üfüqlər qızardı şəfəqlərindən,
Götürdü ulduzlar pay yavaş-yavaş.
Nur olub töküldü göylərdən başa,
Yaxıldı kipriyə, çəkildi qaşa.
Fərizə eşqilə ilhamla yaşa,
Xoşbəxt günlərini say yavaş-yavaş.
Ər olun canında Ilham qüdrəti,
Sevin bu eşqilə xalqı, milləti!
Mən deyim, siz tutun bu mahiyyəti,
Edin sevginizi tay yavaş-yavaş.
Çox ciddi görsənirdi,
İlham evdə bu axşam.
Dar gəlirdi ona ev,
Bayır, həyət, bu yaşam.
Özü də anlamırdı,
Narahatlıq nədəndir?
Küləkli qış soyuğu
Lap ürək göynədəndir.
Hələ gələndə evə
Axşam üstü o işdən,
Bu sakit küçələrdə
Ayrılmırdı təşvişdən:
– Nədən dinib danışmır
Bu boyda böyük şəhər?
İçin-için boğurdu
Artıq onu şübhələr.
Bulunduqca beləcə
Bu köksüz düşüncədə,
O, bir az da sürətlə
Addımladı küçədə.
Təzəcə dönmüşdü ki,
Evlərinin tinindən,
Sıyrılıb qara pişik
Keçdi onun önündən.
O, bir azca duruxub
Göz gəzdirdi özünə,
Çıxarıb yaylığını
Qoydu başqa cibinə.
Eşitmişdi bunları
Sınaqcıl nənələrdən,
Ömrü, günü bayatı,
Həm nağıl nənələrdən.
Boylanıb ətrafına
Daha bir az dayandı,
Birdən, sanki qəflətdən
Ürkək-ürkək oyandı:
– Görən bir şey olmayıb?
Tez qaçım evimizə,
Neyləyir evdəkilər,
Hardadır bəs Fərizə?..
Nə döyükdü irəli,
Nə baxdı arxasına,
Yürüdü pilləkənlə
Bir başa odasına.
Budur girir içəri
İlham tələm-tələsik.
Hər kəs onu seyr edir,
Tükü biz-biz, ürpəşik.
Göz gəzdirdi ətrafa,
Sağlamdır deyən hamı.
Sual dolu baxışla
Dindirdilər İlhamı:
Anası:
– Nolub, oğlum,
İşdə hadisəmi var?
Fərizə:
– Gözlərində
Bərq vurur intizar.
– Yox, dayanın, dayanın,
Qaydasındadır hər şey.
İşlər hələ nizamdır,
Səhhətimdə yox bir şey.
Göz altından Fərizə
Süzdü bir də İlhamı.
Dedi:
– Şeytanmı salıb,
Canım, bu gün axşamı?
Yaxın əyləş süfrəyə,
Çox da eyləmə fikir.
Xoşladığın yeməyi,
Anan qazandan çəkir.
Yuyunub gəldi İlham,
Yaxınlaşdı süfrəyə.
“Bismillahir” söyləyib
Əl uzatdı çörəyə.
Elə bu dəm bayırdan
Eşidildi partlayış.
Hamı dikəldi birdən
Duyğularda oyanış.
Yenə güllə səsləri:
– Tarak, tak, tarank, tarank!
Uğuldadı küçədə
Quduzlaşmış neçə tank.
Cumdular pəncərəyə,
Binalar əsim-əsim.
Amansız güllələrdən
Baxışlar asım-asım.
Gözlər sanki boğurdu
Bu amansız saatı.
Fərizə qışqırdı:
– Vay,
Qırdılar camaatı!
Neçə günahsız insan
Sərilirdi yan-yana.
Pəncərələr, divarlar,
Ağaclar gəldi cana.
Heyrətə gəldi tanklar
Gərilmiş sinələrlə.
Türkü sındırmaq olmaz
Belənçi səhnələrlə!
İlham durub boylandı
Bir anlıq anasına.
Duyub onu Fəruzə
Əl qoydu sinəsinə.
Dedi:
– Getmə silahsız,
Neyləyərsən onlara?
Toxunsalar inan ki,
Doyuraram qanlara.
– Boş görüblər meydanı
Yaramazlar deyəsən.
Öz evində düşmənə
Durub boyun əyəsən?
Getməliyəm, Fərizə,
Çıx yolumdan, əzizim!
Şərəfsiz olmaqdansa
Tank əzsin əzim-əzim!
İlhama ilham verən
Fərizə sevgisimi,
Fərhadın ürəyində
Şirinin eşqi kimi?
Bir gün görməsə İlham
Darıxardı yarını.
Əridərdi yolunda
Dağların sal qarını...
Yemək yeməz Fərizə
İlham gəlincə işdən.
Qaş-qabağı açılmaz
Məmnundur bu vərdişdən...
Hələ nişanli ikən
Getmişdilər bir toya,
Oturdular üz-üzə
Göz ola, gözdən doya!
Əl toxunanda ələ
Qopur ürəkdə fəryad.
Düşüncələr dumduru,
Duyğular nurlu, abad.
Birdən çağrıldı İlham
İş yerindən təcili.
Elə bil Fərizənin
Soldu çiçəyi-gülü.
Töküb qaş-qabağını
Dindirmədi İlhamı.
İlham qəmli, könülsüz
Tərk etdi bu axşamı.
O biri gün Fərizə
İstəmirdi barışmaq.
İlham dedi:
– Əzizim,
Bəsdi naza alışmaq!
Neyləyim sənin üçün,
Sevgimi bir də sına!
Dedi:
– Bir at özünü
Görüm tankın altına!
Xatırlayırdı indi
Bu olayı Fərizə:
– Allah eşidib məni?
Yoxsa, bu nə möcüzə?
Dilim-ağzım qurusun,
Kaş deməzdim bu sözü.
Baxmazdı indi mənə
Quduz tankların gözü...
İlham döndü getməyə
Qisas yağdı gözündən.
Fərizə:
– Nolar, İlham
Bir dəfə dön sözündən!
İndi Ofeliya ana
Hönkürüb tutur onu.
– Ana, yol ver gedirəm,
Bumu qeyrətin sonu?
Dərhal çıxır qapıdan,
Yığanmayır hirisin.
Əzir sillə, təpiklə
Cəlladların birisin:
– Yaramazlar, neyləyib
Söyləyin sizə şəhər?
Bilin ki, tarix boyu
Türkün olub hər zəfər!
Deyin, nədir babalı
Vurduz günahsızları?
Silməyəmi gəlmisiz
Yer üzündən bizləri?
Dayanın, yaramazlar,
Körpənin günahı nə?
Sən niyə o qocanı,
Qəltan etdin qanına?
Cumub tutdu onu da,
Döydü, döydü nə ki, var.
Dolu tək bu səs-küyə
Bu dəm yağdı güllələr.
Qədəmi Haqq yolunda
Baş əydi qeyrətinə.
Hədəf oldu mərmiyə
Qürurla dolu sinə.
Sevgi axdı ürəkdən
Bu torpağın canına.
Bir qaynar qan qovuşdu
Millətinin qanına.
Son anda başı üstə
Gördü o, anasını,
Üz cırıb, saçın yolan
Bu qüdrət qalasını.
Çəkib Ofeliya ana
Daldaladı İlhamı:
– Tutulmadı gözlərin,
Nişan aldın balamı.
Qaldılar səhərəcən
Ana-bala daldada.
Olmamışdı bu dəhşət,
Heç vaxt, sanki dünyada.
Uyumuşdu baş-başa,
Küçələrdə meyitlər.
“Azad vətənim” deyib
Haray salan igidlər.
İldırımlar çaxırdı
Ananın naləsində.
Ürəkləri qarsıyan
Bir od vardı səsində:
– Layiqmidin qurbana?
Sinə gərdin meydana.
Sən azadlıq istədin,
Ağlar qaldı bir ana.
Niyə düşdün qəzaya?
Ruhun uçdu fəzaya.
İndi nə deyim, oğul,
Binəva Fərizəyə?
Dağladın ürəyimi,
Bağladın ürəyimi,
Daim ah-vay içində
Saxladın ürəyimi.
Dözmədin naləsinə,
Qoşuldun el səsinə.
Ucaldın, mənim balam,
Şəhidlik zirvəsinə.
Meyitlər düzüm-düzüm,
Silindi yerdən izim.
Uçurdular evimi
Tapdaqlı qaldı dizim.
İlhamdan Fərizənin
Üzülmüşdü ümidi.
Şaxta, qar yox, bu gecə,
Yağan güllələr idi.
Hiss etmiş kimi, birdən
Sızıldadı ürəyi.
Dik atıldı yerindən:
– Tanrım, eylə köməyi!
Zəng çalırdı telefon,
Tez yönəldi dəstəyə:
– Alo, alo kimdi bu?
Ehtiyac var köməyə?
– Fərizə, Səadətdi,
Dəli olmusan, ay qız?
Çəkilib gedib hamı,
Qalmışam evdə yalqız.
– Çox qorxuram, Səadət,
Bir şey olar İlhama.
Allahım rəhm eyləsin
Bu günkü izdihama!
– Fərizə, xəbərin var,
Kimdir qıran milləti?
– Əcaib saqallılar
Çökdürüblər zülməti.
Biri deyir ki, rusdur,
Biri deyir erməni.
Sanki pəncərələrdən
Əzrayıl güdür məni.
– Hanı Ofeliya xala,
Eşidilməyir səsi?..
Elə bu dəm kəsilir
Telefonun nəfəsi.
– Alo, alo, Səadət...
Vay...
İşıqlar da söndü.
Ya Rəbb, bu nədir belə,
Bizdən üzünmü döndü?
– Aa...Bəs Ofeliya xala
Bir saatdi ki, çıxıb.
Bəlkə, indi İlhamı
Lap ürəyinə sıxıb.
Tükənmiş tək səbiri
Vaxtını etməyib sərf,
Götürüb örpəyini
Qaçdı həyətə tərəf.
Bu dəm çıxdı önünə
Bağda ana çox məyus:
– Dur!
Qayıt evə, qızım,
Vurallar danışma, sus!
Tez qayıtdılar evə
Ana-bala bir təhər.
Müşaiyət edirdi
Onları kor güllələr.
Oturdu Bağda ana
Qızı ilə üz-üzə.
Yanağına axıtdi
Həsrətini Fərizə.
– Qizim, bir az səbr elə,
Gələr Ofeliya xalan.
İnşallah xəyalların
Görərsən oldu yalan.
Səadət dedi, – xətdə
Tez kəsdilər sözümü.
İnan güclə, bir təhər
Mən çatdırdım özümü...
Bax bu qanlı gecədən
Açıldı ilkin səhər.
Şəhidlərin sayı yox,
Ağlayır bütün şəhər.
Divarlar deşik-deşik,
Şüşələr çilik-çilik,
Hər kəs övlad axtarır
Küçədə bölük-bölük.
Hicrani boğmaq üçün
Pəncərənin önündə,
Fərizə bu ayazlı,
Bu qanlı qiş günündə,
Yapışıb şüşələrdən,
İntizar var nəfəsdə,
Odlu fəryad eşidir
Birdən o, doğma səsdə...
– Necə?..
Yox, ola bilməz,
Sağ-salamatdir İlham.
Dünya boyda dünyadir,
Saf bir həyatdır İlham.
Heç qolunu əyəmməz
Onun bu yaramazlar,
Bir tükü əskik olsa
Günəşim, Ayım sızlar...
Əl atdı saçlarını
Dartışdırıb, yolmağa.
Başladı payız çağı
Çiçək kimi solmağa.
Yaxınlaşıb səbirlə
Bağda ana:
– Fərizə,
Qizim, mətanətli ol,
Duz səpmə yaramıza...
– Bu İlham ola bilməz
İnanmıram, Anacan.
– Hamiləsən sən, qızım,
Dözümlü olmalısan.
– Onsuz mənə, nə övlad,
Nə də yaşam gərəkdir.
Onunla içsəm zəhər
Ən ləzzətli yeməkdir.
Həyatda örnəkdir o,
Bizə,
Daim şahidik.
O, yaşasa yaşarıq!
O, şəhidsə şəhidik!
Gəlir Ofeliya xala,
Qucaqlayır gəlini.
Görən sızlar yanaqda
Gözlərinin selini.
– Qızım, getdi ağzımın
Dadı, ləzəti, tamı.
– Doğurdanmı, Anacan
İtirmişəm İlhamı?..
Keçdi, tutub qolundan
Fərizənin Səadət,
Etməyə bir otaqda
Təsəlli dolu söhbət.
Səadət Fərizəyə
Yengədən çox dost idi.
Qəmlərin “nəşə”sindən
Hər ikisi “məst” idi.
Təsəllilər verirdi:
– Təmkinli ol, Fərizə,
Bu fəryadlar içində
Çox da görünmə gözə.
– Altı ay keçib cəmi
Toyumuzdan, Səadət.
Onsuz cılız, dəyərsiz,
Mənasızdır bu həyat.
Çeşməsindən içmədim,
Zəmisini biçmədim,
İstisini canımdan
Ayırmadım, seçmədim.
– Necə dəyişdi hər şey
Bir gündə, sanki röya,
Təsəvvür eləməzdim
Belə qansızdı dünya.
– Qala bilməm İlhamsız
Fələk saldı azara,
Anam tövsiyə edib
Ər evindən məzara.
– Yadındadı, Fərizə,
Gəzdik Dağüstü parkı.
Sən dedin ki, nə çoxdu
Bir bax şəhərlə fərqi.
Kaş bir evim olaydı
Buralarda bir zaman,
Daim doğma Xəzəri
Seyr edərdim, ay aman.
– Hardan düşdü yadına
Bunlar bu aralıqda.
– Qazırlar şəhidlərə
Məzar Dağüstü parkda.
Danışıb ağladılar,
Gah yavaş, gah ucadan.
Beləcə düşdü axşam,
Keçdi xeyli gecədən.
Son dəfə də Səadət
Təsəlli verib ona,
Sağollaşıb bir daha
Sıxdı onu canına:
– Yaxşı...
Getdim, Fərizə,
Bir də gələcəm səhər.
Sabah dəfn günüdür,
Təsəlli al bir təhər.
– Tək qoymazsan, Səadət
Nolar məni qapıda.
Gözləyəcəm lap erkən
Səhər saat altıda...
Səhər gəldi Səadət
Lap söz verdiyi vaxtda.
Gördü yatıb Fərizə
Cehiz aldığı taxtda.
Sinəsində əlini
Çarpazlayıb, duruxdu.
Düşüncələr içində
Qapıdan xeyli baxdı.
Yıxılmış stəkanı,
Dağılmış sunu gördü,
Qımıldanıb dodağı
Özündən nəsə sordu?
Nədən düşümüşdü duyuq,
Yol çəkirdi gözləri?
Qəhər boğurdu onu,
Tükənmişdi sözləri.
Birdən düşünüb nəsə,
Yaxınlaşdı yatağa
Gördü “xoşbəxtlik” qonub
Qaşa, gözə, dodağa.
Gilələndi yanaqda
Gözlərinin şəbnəmi
Sızıldadı:
– Ay, Allah
Dərd dağıtdı sinəmi.
Yox, əzizim, yatmırdı
Bu məhəbbət dəlisi.
Onun çiyninə qonub
Bu gün ilham pərisi.
İçmişdi erkən durub
Məhəbbət şərbətini,
Təsdiq etdi vüqarla
Yara sədaqətini.
Baxmadı o, ananın
Fəryadına, ahına,
Qovuşdurdu ruhunu
İlhamının ruhuna...
Bu Fərizə, bu da İlham,
Qaynadılar, qarışdılar.
Dünyadakı sevgilərlə
Meydan qurub yarışdılar.
Haqqa doğru qanad açan
Müqəddəs yoldu Fərizə.
Sevgini Haqqda haxlamış
Bir mayakdır yola, izə.
Nə möhtəşəm sevdadır bu?!
Təb endi Haqqdan İlhama.
Coşub bu dəli sevgidən
Fərizə gəldi ilhama.
Birində Leyli qüdrəti,
Birində Məcnun həvəsi.
Biri Allahın sevgisi,
Biri Tanrının nəfəsi.
Biri gördü doğub Günəş,
Durub naz etdi Ay kimi.
Biri ləpə döyən dəniz,
Biri coşdu gur çay kimi.
Biri dondü Türk eşqiylə
Şirin-şirin dinən saza.
Haqq aşiqi sinəsindən
Biri döndü qopan sözə.
Birində Vətən eşqi var,
Birində Haqqa sədaqət.
Birində millət sevgisi,
Birində xalqa sədaqət.
Gömülüb ruhlar göyünə
Mələk kimi süzə-süzə.
Yaşayacaq ürəklərdə
Daim İlhamlı Fərizə.
Bax, bu da...
Dağüstü park,
Möhtəşəm ev tikdilər.
Burda qeyrət becərib,
Saf bir sevgi əkdilər.
İki qəbir, üç şəhid,
Hər biri, sanki nərmiş.
Ata, ana şəhidsə,
Demə, körpə də ərmiş.
Bura – müqəddəs ocaq,
Sevənlərin and yeri.
Millət, torpaq söyləyən
Ərənlərin and yeri.
Gələcəklər hər zaman
Hər yerindən dünyanın,
Sevgi olacaq onu
Dərk eyləyib, duyanın.
“Fərizə eşqi haqqı”
Desən – puçdu gümanlar,
Gələcəklər Tanrıdan
Tanrı eşqi umanlar.
Baxın, əziz oxucular,
Nələr olur bu dünyada.
Bu əvəzsiz məhəbbəti
Sanki görmüşəm röyada.
Sevgi doğdu dünyamıza
Duru eşqlə, saf həvəslə,
Bu dastanı tamamlamaq
Borcumuzdu müxəmməslə.
Baş vurdular səmalara,
Ulduz olub, – dan, – dedilər.
Şəhid olub bu torpağa
Damarlardan qan, – dedilər.
Məhəbbətdən nur yaradib,
Hər yan çıraqban, – dedilər.
Sən azad ol bu dünyada,
Sinə yarıb can, – dedilər.
Qüdrətdən bir çələng hörüb
Can Azərbaycan, – dedilər.
Bu sevgi Tanrı sevgisi,
Haqqa məhəbbət eşqidir.
İstək, təpər, arzu dolu
Böyük bir həyat eşqidir.
İlqar, vəfa dünyasında
Qeyrət, şərafət eşqidir.
Ürəklərə saf duyğular,
Qəlbə sədaqət eşqidir.
Boğun həyatda qəmləri,
Olsun pərişan, – dedilər.
Millət sevək İlham qədər,
Fərizənin eşqi ilə.
Sevgi günü qazandılar,
Qanlarının haqqı ilə.
Hər il sevgi bayramına
Gedək bir tərəqqi ilə.
Elbəyi, dolsun sinələr
Məhəbbətin şövqü ilə.
Qəlbinizdən kəm olmasın,
Qürur bircə an, – dedilər.
SON
20-30.01.2007
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.