İNSAN OĞLU (MESNEVİ)
İNSAN OĞLU
Bu dünyanın zindanında döyüldükcə insan oğlu, Zamanların kəsiyində kamilləşdi, artdı ağlı. Sinə gərdi tufanlara, zülmətləri yarıb kecdi, Yorulmadı tarixlərdə, tarixləri yorub keçdi. Bu dünyanın acısını, şərbətini daddı hər gün, Cəbhələrdə, savaşlarda bir-birini diddi hər gün. Tarix özü yaradıbdır zaman-zaman hər insanı, Tarixdə də insanların qətrə-qətrə axdı qanı. İnsan oğlu nəyə görə bölündün sən məsləklərə, Kim bağlandı şeytanlara, kimi də ki,mələklərə. Biri əzdi yorulmadı, o, birisi hey əzildi, İnsan oğlu cərgələndi ipə, sapa çox düzüldü. İnsan oğlu suçun nədir?-Tarix səni zindanında, Döyüb-döyüb axıb qanın, boğulmusan öz qanında. Döyüldükcə yoğrulmusan, yoğrulduqca “böyümüsən”. Ha de ki, mən əyilmədim, güc gəldilər əyilmisən. Kamilləşən insan oğlu ağlın artdı, səsin batdı, Tarix səni ram eyləyib, kölə kimi alıb satdı. İnsan oğlu qalx ayağa, dəyiş yönünü dünyanın, Halal eylə öz haqqını, batır ününü dünyanın. Tanrıdan mədət gözləmə, hərəkət et dillə dişlə, Yoxsa səni əzəcəklər, belə getsə bu gedişlə. İstismardan azad olmaq çətin işdir insan oğlu, Bu səbəbdən də qalmısan siyasətə, dinə bağlı. Ya bağlılıq, ya azadlıq!-Bunlar sənin əlindədir, Ya danışmaq, ya da susmaq!-O, da sənin dilindədir. Özün bil ey insan oğlu!-Ya azad ol, ya belə qal! İstəyirsən haqsız yaşa!-İstəyirsən haqqını al! |