BİZİ SAZ UYNATDILAR
BİZİ SAZ OYNATDILAR
Ay mıənim hörmətli, əziz qardaşım, Deyirsən ki, bizi saz oynatdılar. Oynamaq həvəsi canımızdadır, Ancaq insafsızlar az oynatdılar. Hər kəsin özünün öz havası var, Oğlan havası var, qız havası var, Kimlərin başında yüz havası var, Elə, o kəsləri düz oynatdılar. Düşür canımıza yadın havası, Çıxmır başımızdan qadın havası, Qızdırır, yandırır odun havası, Atıb altımıza köz oynatdılar. Şeytan girib ruhumuzun qatına, Nəhlət olsun müxənnətin zatına, Yastıq qoyub başımızın altına, Arada gəzdirib söz oynatdılar. Taleyimiz qovluqlarda pas atdı, Aylarla-illərlə rəflərdə yatdı, Bu, ona göndərdi, o, buna satdı, Sürtülmüş, sırtılmış üz oynatdılar. Çapar olduq işimizin dalınca, Gedib-gəldik əldən düşüb olüncə, Vermədilər cibimizi yolunca, Baxıb bir-birinə göz oynatdılar. Oyun açdıq qövmümüzün başına, Verməyərək giravəni boşuna, Biz çıxdıqca məmurların tuşuna, Qırıb başımızda qoz oynatdılar. Düz deyənin işi rəvan getmədi, Bu möhnətin sonu heç vaxt bitmədi, Söz bilənlər bülbül kimi ötmədi, Bülbülün yerinə qaz oynatdılar. Oynaya-oynaya toyumuz oldu, Elə toy tutdular vayımız oldu, Batmanla dərt çəkən soyumuz oldu, Bir deyil, beş deyil yüz oynatdılar. Qulaq asan yox, yazığın hayına, Kimsə bilməz, kim yetəcək hoyuna, Şirnikirik pay verənin payına, Çağırıb duzdağa duz oynatdılar. Oynamaqdır dövlətimiz, malımız, Oynadırlar düzəlməyir halımız, Oynamaqla hara gedir yolumuz, Coculu, bu dərdi yaz, oynatdılar |