TANRI DAĞLARINA GEDƏN YOLUMUZ
Tanrı dağlarına yolumuz düşsə,
Bilin ki, Tanrının izinnən keçir.
Ərəbin yolları çınqılsa, daşsa,
Fərqanə çölündən, düzünnən keçir.
Boğazdan yuxarı Tanrı deyirik,
Tanrımız əsirdir böyük
Allaha.
Tərəddüdlə gözümüzü döyürük,
Bəlkə özümüzə qayıdaq daha!.
Düşüncə ögeysə, durubsa qəstə,
Hələ özümüzə gələ bilmərik.
Yadların avazı başımız üstə,
Genəl yaddaşlarla ölə bilmərik.
Əlbət, Türkiyədən başlanan bu din,
Bir az da boşalıb, yumşala bilər.
Gözünə düz baxıb biz həqiqətin,
Bu millət qayıdıb özünə gələr.
Turana səmt alıb gedən yolları,
Min ildir, azmışıq tapa bilmirik.
Ayırmışıq ortaq olan dilləri,
Təzə bir yol çəkib, yapa bilmirik.
Tanrı dağlarına gedən yolumuz,
Həmi də millətin özünnən keçir.
Dirilsə soyumuz, gəlsə ulumuz,
Qəhrəman oğlundan, qızınnan keçir.
10.12.2020