ŞAİR İDRİS BABAYEVLƏ DEYİŞMƏ
Əflatun Hüseynoğlu :
Dostum, ataq qəm-kədəri könüldən, Bayram günü bir sevinək, bir gülək. Çiçəklənsin ömrümüzün hər günü, Başa varsın xoş arzular, xoş dilək. İ. Babayev : Çox nəğmə qoşmuşuq bülbülə, gülə, Düşüb gül üstünə şeh gilə-gilə. Vəsf edək bayramı biz gülə-gülə, Kədəri itirək, sevinci bölək. Ə. Hüseynoğlu : Qiymət qoyduq həm yaxşıya, həm pisə, Öz bəxtindən kim inciyə, kim küsə? Bu günümüz keçib getdi nə isə, Gələn günü ömrümüzə yar bilək. İ. Babayev : Tuş olmuşam neçə kərə qınağa, Çəkilmişəm mən söz ilə sınağa. İcazə ver bir söz deyim ay qağa, Yaxşını saxlayaq, pisləri silək. Ə. Hüseynoğlu : Hər günümüz bir-birindən şad olsun, Halal loxma ağzımızda dad olsun. Yalan-qeybət qoy bizlərə yad olsun, Yol tapmasın qarşımıza tor, kələk. İ. Babayev : Çoxalıbdır mərdə quyu qazanlar, Başdan aşır şer-qəzəl yazanlar. Düzəndən çox vardır işi pozanlar, Gəl bir olaq, nanəcibə güc gələk. Ə. Hüseynoğlu : Ara qatan müxənnəti xar olsun, Yaxşı dostu, mərd insanı var olsun. Haq deyənə Tanrı özü yar olsun, Lazım gəlsə mərd yolunda lap ölək. İ. Babayev : Dost yolunda ölümə də hazıram, Deyişmədə bədahətən yazıram. Söz əkəndə yerin dərin qazıram, Gəl birləşək, ikimiz də bir əkək. Ə. Hüseynoğlu : Əl tutanın Haqq başından var ələr, Əflatuna xoş sorağı tez gələr. Harda olsa səs-sədası yüksələr, Hesab edək xeyirxahı bir mələk. İ. Babayev : İdrisəm, yox mənim külüngüm, yabam, Söz mülkündə mülkədaram, ərbabam. Deyişmədə Əflatuna həmbabam, İstəsən meydan aç, bir də deyişək. |