KEÇƏ (Divani)
Dost gərək dostun yolunda canü-başından keçə,
Lazım gəlsə dostu üçün süfrə, aşından keçə. Hər insandan dost olmayır, dostda vəfa gərəkdir, Dost odur ki var-dövlətdən, daşı-qaşından keçə. Şad günündə çox olacaq " dost " deyənin yalandan, Dar günündə həqiqi dost od tutar, yanar candan. İstəsə ki görə səni, axtara hər bir yandan, Ayağına bir daş dəysə, gözü yaşından keçə. Əflatunam, dost yolunda müntəzirəm hər zaman, Yaxşı dosta canım qurban, olmamışam bədgüman. Yalançı dost ibrət ala, olmaya bir bəd yaman, Dostun dosta sədaqəti ağlı-huşundan keçə. 12.11.2018. |