BİR GÜN (ünvanlı)
Çox da "mənəm" deyib döşünə döymə,
Zəmanə taxtından salacaq bir gün. Heç kimə qalmayıb qazandıqları, Verdiyini geri alacaq bir gün. Var üçün sərf etsən ayın-ilini, Heç də sormayacaq ərzi-halını. Nə qədər yığsan da dünya malını, Özgə əllərində qalacaq bir gün. Dövran heç kimsəni qoymayıb belə, Yığdığın var-dövlət sovrular yelə. Həsrət qalacaqsan bir şirin dilə, Peymanən zəhərlə dolacaq bir gün. Nə qədər istəsən dolan da, gəz də, İşrət məclisində oyna da, süz də, Gücün yetənləri doğra da, əz də, Ömrün bir gül kimi solacaq bir gün. Gəl unutma haqqı-ədaləti sən, Sığınıb Tanrıya, izzət görəsən. Bir şeyi həqiqət, doğru biləsən, Qiyamət başında olacaq bir gün. Haqdır yerin-göyün sahibi olan, Gözləyər qurduğu nizamı hər an. Yadından çıxmasın, buyurub Quran, Hərə öz etdiyin bulacaq bir gün. Dünya məngənəsi basıb sıxanda, Haldan düşüb, yorğun kənar baxanda, Əllərin üzülüb əldən çıxanda, Uzun xəyallara dalacaq bir gün. Əflatun, hər şeyin axır sonu var, Quran belə qurub, gəl eyləmə zar. Yekəlik eyləyən kəsin vaxt olar, Fələk tüklərini yolacaq bir gün. |