Tanrının ən gözəli
İlahi vəhy eyləyib Rəsula ayələri,
Onunla cəm olunub bəşərin qayələri. Varmı heç ondan özgə bir sözün payələri? Üstümüzə nur saçır kölgəsi, sayələri. Sözün ilk, əzəli, Qurandır ən gözəli. Bu doğruluq onda var, qeyri sözlər yan gələr, İman xalis olanda, oxuyana can gələr. Şeytan əsgərlərinin gözlərinə qan gələr. Möminlərin sevinci elə anbaan gələr. Özü qədim, əzəli, sözlərin ən gözəli. Onun lətafətində bərabəri, tayı yox. Məzmunu, mənasında hikmətinin sayı yox. Anlamaz kafirlərin bu nemətdən payı yox. Allahdan bir möcüzə, bəxşişi-müjdəsi çox. Haqdan özü düzəli, Tanrının ən gözəli. Kainata tərcüman, dillərdə dastan olub. Bütün sözlər-söhbətlər yanında vecsiz qalıb. Daim təravətini Haqqın özündən alıb. Azğınların sözünü dildən-dodaqdan salıb. Şirin sözün özəli, İslamın ən gözəli. Varmı bir özgə söhbət, ola ondan bahalı? Kəlməsi söylənəndə, qalmaz şeytanın halı. Hikmətiylə hər kəsə açar doğru-düz yolu. Əflatunam, ilhamım Quran eşqiylə dolu. İman daim təzəli, Allahın ən gözəli. |