ASMIŞAM GÖZLƏRİMİ
Asmışam gözlərimi
qəlbin kimi somsoyuq buz kəsmiş pəncərəmə Arxanca boylansın, dalınca baxsın deyə. İti baxışlarını birlikdə gəzdiyimiz bu küçələr uzunu, Ya da sahillərdəki izinə taxsın deyə. Xəyal edir: "Bəlkə də küçə boyu uzanan daş hasarın arxasından göründün? Qəfildən dar aradan evimizə sarı döndün". Asmışam gözlərimi qəlbin kimi somsoyuq, buz kəsmiş pəncərəmə, Baxışlarım dəniz ilə birlikdə, dəniz ilə səs-səsə Səsləyirik keçmişi, boylanırıq dünənə. Xəyalınla, əzizim, dayanaraq baş-başa, durub nəfəs-nəfəsə Asmışam gözlərimi qəlbin kimi somsoyuq, buz kəsmiş pəncərəmə. Gözlərimin yaşıyla, nisgilimi yuyuram. Sönürəm asta-asta, öldüyümü duyuram. Süzülür yanağımdan gözyaşım gilə-gilə, Asmışam gözlərimi qəlbin kimi somsoyuq, buz kəsmiş pəncərəmə. Bir daha, mən bir daha oradan baxmayacam, Nigaran ruha dönüb, səni hər bir köşədə, hər yanda arayacam. Duyarsan ölümümü, məzarıma bircə kəz gələrsən, qurban olum. Bircə dəfə, nə olar, bircə dəfə qəbrimə "sevirəm" kəlməsini deyərsən, qurban olum. |