NOSTALJİ 1
*****
Külək əsib sünbüllər tərpəşəndə, Ay görünüb qaranlıq ürpəşəndə, Ağ gilasın mürəbbəsi bişəndə, Bir məni də xatırında dolandır, Dünya fani,etibarsız,yalandır. * Nə yaxşıydı on beş yaşın sevdası, Qız üstündə oğlanların davası... Yetişəndə qonşunun cır alçası, Dırmaşardıq təpəsinə,dərərdik, Turşu deyib dam üstünə sərərdik. * Axşam olcaq yandırardıq tonqalı, Axtarardıq çöldə körpə qanqalı... Dırmaşanda qonur tutun çanqalı, İlişərdi dizimizə,cırardı, Anam görub belimizi qırardı. * Əmimgildə gedib qonaq qalardıq, Çiçəkləri ləçək-ləçək yolardıq... Gündüz qaçıb göl dibinə dalardıq. Ah,nə gözəl günlər idi o günlər. Xəyalımda inlər indi o günlər. * Kəndimizin görən gözü biz idik, Söz verdiksə,sözümüzə düz idik... Gör neçəmiz bir gözəldən göz idik. Zalım qızı bizi yaman qandırdı, Özgəsinin çırağını yandırdı. * Taleyimə bir naxışdı basılıb, Gözlərimin qabağından asılıb, Yetim kimi bir bucağa qısılıb, Ağlamayın,sızlamayın o günlər, Daha məni gözləməyin o günlər. *** |