MƏN ÖZÜM BÖYÜMÜŞƏM
*****
Mən özüm böyümüşəm,məni böyütməyiblər, İlk tərbiyəverənim həyat olub əvvəldən. Yay kimi əyilmişəm,neçə kərə əyiblər, Sındıra bilməyiblər,sınmamışam hələ mən. * Anamın dizi üstü beşiyimdi sanmışam, Dilimə ilk dəyən su gözümdəki yaş olub. Oyunsuz,oyuncaqsız yatmışam,oyanmışam, Mənim oyuncaqlarım torpaq olub,daş olub. * Qalxmışam yeriməyə.İlk addımım uğursuz, Əlimdən tutmayıblar,büdrəyib yıxılmışam. Mənim uşaq keçmişim,səndən ürək ağrısız, Axı,neçə danışım,necə söhbət açım mən. * Nələr gəlib başıma,xatirələr söyləsin, Ayağım yer tutana,ağlım söz kəsənədək. Göylər yazan yazıdı,buna tale neyləsin, Kədərin ömrü uzun,sevincin ömrü gödək. * Böyümüşəm çöllərdə tənha bir ağac kimi, Dolu da döyüb məni,sərt qışdan da qorxmuşam. Böyümüşəm hər günüm qayğıya möhtac kimi, Tərli alınlardakı qırışdan da qorxmuşam. * Vaxt olub içərimdən alışıb yanmamışam, Vaxt olub odun-ocaq od alıb atəşimdən. Vaxt olub yaxşılığı zərrəcə qanmamışam, Vaxt olub əvəzini on qat ödəmişəm mən. * Yaş qalağım görünür illərin sırasında, İllər sıralandıqca tökülür qalam-qalam. Dayanıb sabahımla indimin arasında, Dünyam boyda dünyaya özüm boyda sualam. *** |