SONRA BİLMİŞƏM
Gənclik nemətinin nə olduğunu
Əlimdən çıxandan sonra bilmişəm. Boylanıb arxada qalan illəri Saçıma baxandan sonra bilmişəm. Gözəldir təbiət, könül doyası, Səma maviliyi Haqqın boyası. Necə qiymətlidir gözün ziyası, Çeşməyi taxandan sonra bilmişəm. Doldurub canıma eşqin odunu, Həsrətlə çəkərəm indi adını, Həyat ləzzətini, ömür dadını Odlara yaxandan sonra bilmişəm. Yaman narahatam duyandan bəri, Hədərə keçirdim ötən illəri. Bir göz qırpımında keçən günləri Şimşək tək çaxandan sonra bilmişəm. Zaman başım üstə oynadır ələk, Hər addım atdıqca görürəm kələk. Necə oyunbazmış kəmfürsət fələk, Ovcumu sıxandan sonra bilmişəm. Uyan uduzarmış cah-cəlalına, Zəhəri qatarmış şirin balına. Heç yetmək olmazmış onun alına, Qəm məni yıxandan sonra bilmişəm. Alışan odumu heç söndürdümü? Fikirdən öləndə bir dindirdimi? Ürəyimdə qövr eyləyən dərdimi Gözümə soxandan sonra bilmişəm. Tapa bilməyirəm hər gəzdiyimi, Dəftərə yazıram bu sezdiyimi. Bəxtin dəryasında səhv üzdüyümü, Sularda axandan sonra bilmişəm. Əflatun, haraya gedir bu gediş? Qəlbini mikrob tək fikirlər yemiş. Həyatın yolları belə sərt imiş, Yıxılıb-qalxandan sonra bilmişəm. |