Biləsən
Biləsən
Həyatın yolları eniş-yoxuşlu, Bəxt üzünə gülə, keçə biləsən. Canına daraşan dərddən-kədərdən Ayağın tutduqca qaça biləsən. Dünya gözəlləşə, cənnətə dönə, Tufanlar səngiyə, çiskinlər dinə. Haqdan üstümüzə min rəhmət enə, Gül olub çəməndə aça biləsən. Arzun qanadlana ömrün boyunca, Gəzəsən hər yanı gözün doyunca, Eşqin şərbətini bəsdi deyincə, Bir nəfəsə durub içə biləsən. Səma aydınlaşa, bulud olmaya, İçin yüngülləşə, kədər dolmaya, Hər işin düz ola, fikir almaya, Həvəsdən quş kimi uça biləsən. Uzaq dura səndən bütün dərdi-sər, Üzündə olmaya qəmdən bir əsər, Haqdan şölələnib tamam sərbəsər, Nur kimi ətrafa saça biləsən. Əflatun, başını almaya duman, Səni sındırmaya içində zaman, Ömrün axırında qoca dünyadan Köçəndə kişi tək köçə biləsən. |