Həllaclı MənsurHəllaclı Mənsur Türkün sinəsindən bir nəğmə qopdu, Qamların dilində ruhlara hopdu. Göyərdi qopuzdan ulu bir şaman, Tanrını aradı göydə hər zaman. Bu göy düşüncənin, fikrin göyüydü, Tanrının odası, haqqın öyüydü. Olsa da qüdrəti sultanın, xanın, Bir hökmü varıymış hər bir zamanın. Milyon illər keçdi bu yaranışdan, Bəşər agah oldu yeni bir işdən. İslam dünyamıza verdi qol-qanad, Fövqəl düşüncədən doğdu Məhəmməd. Yeni işıq saldı Haqqın yoluna, Hümməti baş əydi ürfan oğluna. Yetişdi türklərə yeni səadət, İslam dilimizlə edəndə vəhdət. Mənsur öndəriydi bu fəzilətin, Bu pak düşüncənin, saf təriqətin. Bir qapı açıldı Allah yoluna, Dərvişlik, sufilik dedilər ona. Tanrıdan insana yetişdirdi sur, Mürşidlər mürşidi Həllaclı Mənsur. O, könül bağladı böyük Allaha, Üzünü naqislər görməz bir daha. O, Haqqın özündən süzülüb gəldi, Yenidən Tanrıya doğru yüksəldi. O, haqqı aradı bilən olmadı, Tanrıya hayladı gələn olmadı, “Ənəlhəqq” söylədi bütün bəşərə, Uydu oyunbazlar böhtana, şərə. Onu çəksələr də çarmıxa, dara, Könlü sadiq qaldı yenə də yara. Soysa da dərisin aramla dabbaq, “Ənəlhəqq” söylədi hər andan qabaq. Sıçradıqca qanı “ənəlhəqq” dedi, Ayrıldıqca canı “ənəlhəqq” dedi. Çiçəklər bitirdin, ey ulu babam! Övliyyalar gördü bu elim, obam. Səni duymadılar zatıqırıqlar, Ruhu olmayanda olmaz iftixar. Yandırdılar səni o yaramazlar, Düşüncəsi kasad, fikri dayazlar. Döndərdilər səni bir ovuc külə, Bəşər bu vəhşəti görməmiş hələ. Atdılar külünü çaya darğalar, “Ənəlhəqq” qışqırdı coşan dalğalar. Yenidən boy verdi Tanrının ahı, Qabilin, Habilin buydu günahı. O gün insanlığı saldılar taxtdan, Günahla qovulmuş cənnətdən insan. Sən Allahdan müjdə, peyğəmbərdən sur, Sən ey ulu babam – Həllaclı Mənsur! Yaraşmayır sənə qurama ad-san, Pambıqçı, yun çırpan, yorğan sırıyan. Varmıdır gördüyü işlərə dair, Özünə təxəllüs götürsün şair? Daş yonan olardı gör neçə kişi, Balıqçı şairi, ovçu dərvişi. Dərvişlik peşə döy, şairlik sənət, Aşiqin qəlbində Haqqa mərhəmət. Onlar İlahidən əbədi surdur, Onlar insan deyil, bir parça nurdur. Həllac türk boyu tək kökün var sənin, Altundan, incidən yükün var sənin. Mürşidlərin piri – Oğuz baban var, Bizi haqqa çəkən qam var, şaman var. Türk kökənli döymü doğulduğun yer, Bəyza vilayəti, türk obası Tur? Ölmədin, ruhunu verdin millətə, Yol açdın bir ülvi şana, şöhrətə. Gəldi yəsəvilər, nəqşbəndilər, Hər biri Tanrıya bağlı bənddilər. Rumilər doğuldu qətiyyətindən, Sevgilər süzüldü saf niyyətindən. Bektaşi haqq üçün tərpətdi simi, Boy atdı kökündən neçə nəsimi. Sufi aləmində şah taclı Mənsur, Ey, pirim, mürşidim – Həllaclı Mənsur! Əbədi məşəlin sirli atəşi, Ruhları oyadan səhər günəşi, Düşdü şəfəqlərin lap apogeyə Əbədi məhvər tək dayandın göyə. Sən millət oğlu yox, bəşər oğlusan, Sən türk ulusunun gövhər oğlusan, At – dedin insana – qəlbindən şəri, Olarsan Allahın tam bir bənzəri. Yaradan olurlar ürəyi saflar, Haqqı duymayanın nə qiyməti var? Sənə babam dedim, mürşidim dedim, Bəlkə də cismimdə sənin ruhundur. Sən türkün oğlusan, Xan babaların Oğuzdur, iskitdir, kumandır, hundur. Qəbul etməyənlər bu həqiqəti, Duya bilməz əsil şanı, şöhrəti. Qoysunlar başına Möhtədil tacı, Sevinsin Bağdadın, qoy, dar ağacı. Məni də soysunlar lap sənin kimi, Yenidən eşitsin dünya səsimi. Varlığım ruhuna eyləyər təzim, “ƏnəlHəqq” söyləyər sinəmdə sazım. |
Olarsan Allahın tam bir bənzəri.
kalemin daimi olsun şair dost