DÜNYANI BU HALA SALANNAN SORUŞ
Bu dünya yoxluqdan yaranıb necə?
Onun fəlsəfəsin bilənnən soruş. Bəs onun sonluğu nə vaxt olacaq, Alın yazısını silənnən soruş. Dünyanın köksünə vurulub yara, Zülmətin əlində çəkilib dara, Bir yanı ağdırsa, bir yanı qara, Dünyanı ikiyə bölənnən soruş. Bu dünya, o dünya hansı əzəldir? Hansı şərəflidir, hansı gözəldir? Kimdir o, dünyanı qurub düzəldir? Gedib o, dünyadan gələnnən soruş. O, dünya qaranlıq çün ki, bir məzar, Oranın cənnəti, cəhənnəmi var, Kim bilir orada, kimdi bəxtiyar? Bu məslək yolunda ölənnən soruş. Bilinmir Tanrının nədir qurğusu? Nə zaman olacaq sual-sorğusu? Adəmin nə idi, bir dən oğrusu? Aldadıb halına gülənnən soruş. Bu dünyanın düzənini pozublar, Qalın-qalın kitabları yazıblar, Ay Coculu ora-bura yozublar, Dünyanı bu hala salannan soruş. AXTAR Dünyanın sirrini bilmək istəsən, Məlumu, məchulu özündə axtar. Nə yerin altında, nə göyün üstə, Həyatın ağ-qara üzündə axtar. Göylərin səsinə, uyma nağıla, Min ehkamçı, min münəccim yığıla, “Tarix yaşa dolur, insan ağıla”, İdrakın, savadın gözündə axtar. Diqqət eylə kəhkaşanın yoluna, Aldanma falçıya, ulduz falına, İnanma dünyanın qeylü-qalına, Varlığı, varlığın izində axtar. Yoxluqdan varlıqlar yarana bilməz, Nüvəsiz, mayasız əmələ gəlməz, Bir məntiq olmadan düzən düzəlməz, Çalış ki, məntiqin düzündə axtar. Yaradandan, yaranmışdan yazıblar, Hərdən yalan, hərdən doğru yozublar, Ay Coculu, bu yollarda azıblar, Alimin elmində, sözündə axtar. |