ATA İLƏ OĞULUN DEYİŞMƏSİ
ATA:
Səni böyütmüşəm min cür zəhmətlə, İndi qocalmışam özüm ay oğul. Nazını çəkmişəm hər addımbaşı, Daha yox taqətim, dözüm ay oğul. OĞUL : Başım havalıdı, gözüm dumanlı, Bilmirəm dediyin nə sözdü ata? Elə deyinirsən hər gün, hər gecə, Basdığın sinəmə bir közdü ata. ATA : Üstündə əsmişəm bir yarpaq kimi, Yolunda olmuşam o torpaq kimi, Sevmişəm bədəndə əl, barmaq kimi, Bilmişəm mən səni gözüm ay oğul. OĞUL : Çəkmisən nazımı, gəl halal elə, Mən çəkə bilmərəm zəhmət bir belə. Boş yerə keçmişi gətirmə dilə, Sözlərin canımı lap üzdü ata. ATA : Hər əsən mehdən də səni qorudum, Dedim qoy yaşasın səninlə adım. Sənsiz olmayıbdır ləzzətim, dadım, Sən idin ən şirin sözüm ay oğul. OĞUL : Qoy yatım, yuxudan oyatma məni, Ağır zəhmətlərə gəl atma məni. Yenə qazan gətir, unutma məni, Hələ bu verdiyin çox azdı ata. ATA : Ümidim puç edib, vermə mənə ah, Ataya ağ olmaq günahdır, günah. Tənbəllik azarı yıxacaq vallah, Eyləmə gəl qara üzüm ay oğul. OĞUL : Bu gün evindəsən, buna da sevin, Oğlunam, fəxr elə, ona da sevin. Gözaltı edərsən qocalar evin, Etdiyin nə ərkdi, nə nazdı ata? ATA : İndi ki danışdın bu sözlər mənə, Vaxt gələr övladın qaytarar sənə. Mənim də kefimi qaçırtdın yenə, Deyəsən batacaq izim ay oğul. OĞUL : Zəmanə pis gəlib, bağlıdı yolum, Məndən gözləmə ki qeyrətli olum. Ümid nəvəyədir, kəsib sağ-solun, Bu giley-güzarın bax, tezdi ata. |
Üreğine emeğine sağlık
_________________________________________Salamlar