EYLƏYİRSƏN
Qüdrət sahibisən ey ulu tanrı,
Hərdən xoşbəxtliyi kəm eyləyirsən. Verəndə kiməsə şanı-şöhrəti, Kiminsə ömrünü qəm eyləyirsən. Kimi aludədir dövlətə-vara, Kiminin qəlbində sağalmaz yara. Kiminin gününü edirsən qara, Kiminin kefini dəm eyləyirsən. Bəzən qışa dönür kiminsə yazı, Kimsə, çox bir yana, tapammır azı. Kiminin çox zildən gəlir avazı, Kiminin səsini bəm eyləyirsən. Kiminin sərvəti başdan aşıbdır, Kimi dərd içində qalıb, çaşıbdır. Kimi səbr edəmmir, dolub-daşıbdır, Kiminin gözünü nəm eyləyirsən. Gəzdim neçə oba, neçə oymağı, Gözümə sataşdı sinələr dağı. Bu qədər sirləri görüb-duymağı Yazıq Əflatunda cəm eyləyirsən. |