BU XƏZAN VAR YA...
***
*** Yenə xəzan vaxtı, Yenə süpürgə... Yenə cığırlarda xəzəl qovacam. Tutub xəyalların çaparağını O tində bu tində gözəl qovacam. * Eşqimin suyundan alaca qalıb, Sevib çıxaracam bəyaz yerinə. Elə unutmuşdum dərinlikləri, Lövbəri sallayıb dayaz yerinə. * Mənim gəmilərim uzaq gəmilər, Təqvim sularımın xəzan gəmisi. Qoparıb hicranı vüsal əlindən Qəmdə,iztirabda azan gəmisi... * Yenə xəzan vaxtı... Yenə o quzey. Danı sabahından sökəcəm yenə. Dayanıb altında qoz ağacının Üzümün suyunu tökəcəm yenə. * Özümü təzədən atacam oda, Səlbəmi qonşunun qız ağacına. Hər keçən atardı dəyər dəyməzə, Həmin qız ağacı qoz ağacına. * Həəə, Bir az sərindi,bəlkə də soyuq, Bu ilin yağırı-yağmırı yoxdur. Hər kəsin başında yağmur havası, Təkcə,mən yetimin yağmuru yoxdur. * Yorğanım yorğandı,davası mənim, Tutdura bilmirəm yaşa yorğanı. Üşüdür şoğərib havası məni, Çəkim ayağımdan başa yorğanı. * Bu xəzan var ya, Amma bu xəzan... Gözümün kökündə sarımdı mənim. Ya mən elçi getdim,ya gəl dedilər, Qızından qarımış qarımdı mənim. * Üzümü turşuyub ağaclarımın, Üzümü turşudub elə baxıram. Getdi sevdalarım gələn bahara, Dönüb dönməyəcək... Hələ baxıram. *** |