NƏ BİLƏYDİM BƏSLƏDİYİM XAR İMİŞ...
Çox sevirdim mən dünyanı əzəldən,
Nə biləydim bəlaları var imiş. Deyərdim ki dünya geniş dünyadı, Nə biləydim aqil başa dar imiş. Sevgim məni yarı yolda əylədi, Fikir-xəyal könlüm talan eylədi. İndi bildim dünya elə belədi, Nə biləydim möhnət mənə yar imiş. Səs verərdim mən hər səsə zil səslə, Oxuyardım nəğmə isti nəfəslə. Gül qönçəsi oxşayardım həvəslə, Nə biləydim bəslədiyim xar imiş. Ay Əflatun, dərin salıb kök yaran, Vücud deyil, kölgədir ki bu duran. Düşünərdim qartallardı hayqıran, Başım üstə hey dolanan sar imiş. 02.01.2018. |