GƏL,GÜLÜM.Şiirin hikayesini görmek için tıklayın Bu şeiri Xalidə Nüsrətin "Gəl,bahar." şeirini oxuduqdan sonra yazdım...
“Gəl gülüm” Gəl, gülüm, hicrana qalmadı dözüm, Dikilib yollara intizar gözüm. Sənin pişvazına hazıram özüm, Qəlbim koma deyil, kaşanədir gəl ! Könlüm həsrətinlə divanədir, gəl ! Sən gəlsən qəlbimdən qəm-kədər qaçar, Məhəbbət bağçamız gül ətri saçar. Təbiət bizimçün qolların açar, Hər bucaq mənimçün meyxanədir gəl ! Könlüm həsrətinlə divanədir, gəl ! Sanıram çağıran dilindir sənin, Meh əsir üzümdə telindir sənin. Nəyisə qucuram belindir sənin, Çiçəklər gözümdə peymanədir, gəl ! Könlüm həsrətinlə divanədir, gəl ! Gəlişin gözəldir, bahara bənzər, O qədd-qamətin çinara bənzər, Pərişan zülflərin şahmara bənzər. Dişlərin incidir, dürdanədir, gəl ! Könlüm həsrətinlə divanədir, gəl ! Gəl, gülsün bənizim, naləm qalmasın, Yetişək vüsala, bir kam qalmasın. Sevgidə bir kəs də nakam qalmasın, Dünya başdan-başa əfsanədir gəl ! Könlüm həsrətinlə divanədir, gəl ! İnan ki,bədəndə ruhum, canımsan, Ürəyim, beyinim, zehnim, qanımsan. Gəl dərdə çarə qıl, son gümanımsan, Fədakar sözündə mərdanədir, gəl ! Könlüm həsrətinlə divanədir, gəl ! |