ÇƏK,QARDAŞ...
Bir eli boranda,qarda çəkəcəm,
Bir eli baharda,varda çəkəcəm. (HUŞENG CƏFƏRİ) ÇƏK,QARDAŞ. O şəkli çəkdiyin əlinə qurban, Mən türkəm dediyin dilinə qurban. O həsrət qoxulu gülünə qurban, Gülü də tikanda, xarda çək,qardaş, Gah burda,gah da ki orda çək,qardaş. Dərdimi çək,qardaş,dərdimi yarat, Dərdini dərdimə,nisgilimə qat. Nə olar,bu yatmış milləti oyat, Millətin yoxluğun varda çək,qardaş, Gah burda,gah da ki orda çək,qardaş. Qəlbimi tən bölən Arazı çək sən, Məni bu durumdan narazı çək sən. Səsimdə yanğılı avazı çək sən, Həm bəmdə,həm zildə-tarda çək,qardaş, Gah burda,gah da ki orda çək,qardaş. Bir ağzı tikili,aça bilməyən, Ocağı bir zərrə saça bilməyən, Bu taydan o taya uça bilməyən Bir quşu asılmış,darda çək,qardaş, Gah burda,gah da ki orda çək,qardaş. Qurumur,bitməyir gözümün yaşı, Basmışam qəlbimə bir ağır daşı. Bilmədim,tez gəldi ömrümün qışı, Könlümün baharın qarda çək,qardaş, Gah burda,gah da ki orda çək,qardaş. Qalmışam min arzu,dilək içində, Sovrulub gedirəm külək içində. Mən nə saxlayıram ürək içində Görməkçün qəlbimi yar da çək,qardaş. Gah burda,gah da ki orda çək,qardaş. Bir qəlbi qan verən yaralı gəl çək, Bir ağac yarpağı saralı gəl çək. Fədanı yurdundan aralı gəl çək, Günümü-gecəmi zarda çək,qardaş, Gah burda,gah da ki orda çək,qardaş. |