GÜNƏŞ DOĞMAYACAQ MƏN DOĞURMASAM
***
Günəş giriftardı bulud əlində. Siyah pərdələrin siyah üzünü yırtıb geçə bilmir cəsarətiylə. Burda duyan yoxdu Tanrı sözünü. * Qapılar qapanmış kilidlərilə, Hörümçək toruna dolaşmış umud. Gedəsi yolların döngələrində Qoxumuş çamura bulaşmış umud. * İlanlar dişində zəhər paylayır, Zahidlər dilində iman paylayır. Əyri qılıncların qanlı ucunda Cəlladlar ölümdən aman paylayır. * Bəyaz kəfənlərdi bayram libası, Üstündə günahın qan ləkələri. Duasız filansız ilk qurbanların Çöplüyə atılır son tikələri. * Zülmət-dörd yönə bax... haqqın işığı Yetmir vicdanların saxta yerinə. Soyuq baxışların soyuq atəşi Dondurur,üşüdür şaxta yerinə. * İçimə ağlayır yaşsız gözlərim, Qaybolan insanlıq bəlkə son kərə məndən xilas umur, mənsə günəşdən gölgələr umuram,boyuma görə... * Şeytanın səsindən,nərilt isindən Allah da duymayır hiç çağırmasam. Yöntəmi dəyişmiş çərxi fələyin, Günəş doğmayacaq mən doğurmasam. *** |