BİR EŞQİN PALİTRASI
--QIRMIZI--
Qız,bənövşəmisən,boynun bükülüb, Hərdən bəndə salır camalın məni. Gözlərim sən gələn yola dikilib, İntizarda qoyur vüsalın məni. * İçimdə duyduğum o keşməkeşlər, O sirli baxışlar,sirli gərdişlər, O lalə yanaqlar,şamama döşlər... Haldan hala salır bu halın mənı. * Sevirik dünyadan bixəbər kimi, Tale atır bizi qoşa zər kimi, Yumuram gözümü...Mələklər kimi Tutub ərşə çəkir xəyalın məni. *** --YAŞIL-- Ömrüm-günüm boşa gedir, Səbrim daşa-daşa gedir, Yarım mənnən qoşa gedir, Gedir nazlana-nazlana. * Sənə tutkun,sənə aşiq, Xəyallarım eşik-eşik, Ürək dərddən dəlmədeşik, Vurur sızlana-sızlana. * Zəliləm pir ocağında, Uyut məni qucağında, Bir eşq gönlum bucağında, Qalıb gizlənə-gizlənə. *** --SARI-- Gedəriyəm,yolum uzaq, Qalan sizlərə əmanət. Gəzdiyim,gördüyüm yerlər Düşən izlərə əmanət. * Nədir böylə dərdin-sərin, Bu sevdayla aran sərin, Bağrım dələn kipriklərin Ala gözlərə əmanət. * Gül yanağın dəlisiyəm, Al dodağın köləsiyəm, Bir gün dönüb gələsiyəm, Ölsəm,qızlara əmanət. *** |
Kaçoğlu tarafından 11/6/2012 2:23:43 PM zamanında düzenlenmiştir.