YAZIRAM DÜNYANI DƏYİŞMƏK ÜÇÜN
***
Mənim yazdığıma dodaq büzməyin, Mənim yazdıqlarım ürəkdən gəlir. Kəlməsi kəlamdı arif olana, Əyriyə düz gəlmir,düzə tən gəlir. * Xəzinə qazıram mən,yaza-yaza, Gövhər axtarıram,ləl axtarıram. Düşmən axtarmıram arxadan vursun, Əlimi sıxmağa əl axtarıram. * Nifrətim fışqırır hər sətirimdə, Qayəsi,amalı pul olanlara. Məzluma,yoxsula ağalıq edib, Özü ağalara qul olanlara. * Mənim yazdıqlarım ağ -qara deyil, Al-əlvan naxışdı söz çələnginə. Kitabım, dəftərim çoxdan boyanıb, Hakkın,ədalətin o qan rənginə. * Alnım qırışmadı heç əbəs yerə, Hamı kef çəkəndə mən dərd çəkirəm. Dünyanı ayırıb xeyirə,sərə, O başdan bu başa sərhəd çəkirəm. * Çoxu tərif yazır,quru söz yazır, Yazır İblis adlı o mələk üçün. Mən tərif yazmıram, qanun yazıram, Yazıram dünyanı dəyişmək üçün. *** |