ƏFEDİLMƏYƏN GÜNAHLAR
********
******* Səmanın boz ətəkləri qıpqırmızı qan kimi, Gündüz ölür gözlərimdə əzab çəkən can kimi. Günəş yığır saçlarını, sanki,çimir çayda o, Barmağımın ucundakı qan ləkəsi boyda o. O nə quşdu göy üzündə, qanad çalmır,yellənir , İçimdəki haykırtılar gah susur,gah dillənir. Külək əsir,sığallayır yarpaqların tozunu, Çöldən yığır obalara çoban qoyun-quzunu. Yavaş-yavaş nanələrə, yarpızlara şeh düşür, Böbəcəklərin ayağından toz üstünə zeh düşür... Axşam olur,alatoran döyük-döyük dolaşır, Nə gündüzdən keçə bilir, nə gecəyə bulaşır... Şölə saçır otağıma masam üstə yanan şam, Tanrı mənə qonaq gəlib, nəşəliyəm bu axşam. Gəlib məni əff etməyə, günahımdan keçməyə, Nə şərab var,nə şərbət var, nə qədəh var içməyə. Bir az dua...gülab suyu yarım şüşə,görəsən Bəs edərmi,bu axşamı barı yola verim mən? Zülmət çökür odaların, sarayların belinə, Tanrı alır əllərimi atəş kimi əlinə. Çəkir məni səmalara, ulduzların içinə, Çəkir məni məchulluğa, çəkir ulduz köçünə. Eşidilmir göy üzündə dilsiz qalan ahlarım, Bir şam qalır otağımda, bir də o günahlarım. *** |