Yalan dünyaYalan dünya Tanrının qüdrətinə bağlanan düşüncəmi Tanrı ocaqlarilə qalayanı görmədim. Cığırlara, yollara səpələnmiş cismimi Toplayıb qətrə-qətrə calayanı görmədim. Sonu görürdüm deyən ağladım doğulanda, Anlamadı sevincdən qucanlar bu dünyanı. Bu işıqlı həyatın manqurt qaranlıqları, Silib saf yaddaşımı, yenidən yazdı onu. Vaxtı yaşamadım ki, çeynədim ağır-ağır, Ürəyimdən daş asdı taleyimi yazan da. Başa ağıl qoymamış kor etdi gözlərimi Vaxtlı-vaxtsız gördüyüm yuxuları yozan da. Tutammadım nəbzini nə zamanın, nə vaxtın, Ayıldım bu ömrümün uralanmış anında. Görəmmədim keçmişi, varmadım gələcəyə, İtib-batdım dünyanın ağarmış yalanında. Elbəyi Cəlaloğlu |