BənövşəBənövşə Bükübsən boynunu utandığından, Baxmırsan Günəşə, Aya, bənövşə. Təklənib özünə qapılma çox da, Söylə dərdlərini çaya, bənövşə. Getməyir başından nə qəm, nə qəhər, Bilirəm günlərin keçir bir təhər. Çıxsa da qarşına hər axşam, səhər, Salma dərdlərini saya, bənövşə. İsmət damarımsan, bakirə qanım, Zərrin şəfəqlərlə sökülən danım. Niyə ətəklərdə bitirsən, canım, Səninçün yaranıb qaya, bənövşə. Könüldən uçan quş qayıtmaz hinə, Sevgi ürəkdəsə, yaşayır yenə. Hələ çox gələcək elçilər sənə, İtməyib üzündən həya, bənövşə. Həsrət vaxtı deyil dikəlt başını, Daha ətəyindən boşalt daşını, Elbəyi siləcək axan yaşını, Götürsən özünə dayə, bənövşə. 23.03.2009 Elbəyi Cəlaloğlu |