Xan - deməyin - Araza!Xan - deməyin - Araza! “Xan Araz” deyiminə istinadən İki qardaş arasına Mamır hördü, şibyə çəkdi. Nəğdə gümanı gəlmədi, Borca yığdı, nisyə çəkdi. Bu boyda zalımmı olar? Amansızlığında təkdi. Düşmənimdir Araz mənim, Araz niyə xan olsun ki? Bir qardaşın gözlərindən Yağan leysan, axan seldi, Bir qardaşın ürəyində Qopan tufan, sınan teldi. Sızlayanda ana qəlbi, Qansız-qansız durub güldü. Düşmənimdir Araz mənim, Araz niyə xan olsun ki? Gözü gözə həsrət qoyan, Üzü üzə həsrət qoyan Bir qatildi, başkəsəndi, Nankorluqdu fitnə-fəndi. Nə vecinə mənimdi dar, Mənimdi dərd, azar, bezar. Düşmənimdir Araz mənim, Araz niyə xan olsun ki? Ara kəssə hər axan çay, Sel yerisə kökə, soya, Bulaqlar da düşər gözdən, Kim “aydınlıq” deyər suya? Dağlar salar dəli haray, Ağnayıb gələr qayalar. Kəsər çayın yollarını, Ləpə ayağını yalar. Namərdlər belədir, belə, Cırnağı tutsa aslandır. Elə ki, boynu əldədir, Alçaq, yaltaq bir şeytandır. Düşmənimdir Araz mənim, Araz niyə xan olsun ki? Araz o vaxt xan olar ki, Sevgi axar sularında. Əridər buz ürəyini Dağlarda lay-lay qarın da. Dəyişər əqidəsini Xudafərin körpüsünün. Bəzəyər səxavətiylə O tayın, bu tayın hüsnün. Hicran olmaz iki yüz il, Beyinlər işləsin, görək. Dediyindən dönməyirsə, Arazı qurutmaq gərək! Düşmənimdir Araz mənim, Araz niyə xan olsun ki? Elbəyi Cəlaloğlu |