ELİMDE YAZMAYIR KALEM
YAZMAYIR QƏLƏM
Bu axşam əlimdə yazmayır qələm, Bilmirəm haradan, nədən başlayım. Fırlanır beynimdə böyük bir aləm, Fikrimi ha yana, hara tuşlayım. Uçur xəyallarım uca göylərdə, Aşır fəzaları təyyarələr tək. Ağılım, zehinim, düşüncələrdə, Dolaşır dünyanı səyyarələr tək. Nədənsə əlimdə qələm dayanıb, Görürəm dünyanı ağ kağız kimi. İdrakım zamandan əvvəl oyanıb, Sanmıram özümü mən yalqız kimi. Kim yazır, nə yazır? – Düşündükcə mən, Ruhumun əzabı durmadan artır. Savadsız deyiləm, bilirəm nədən, Dünya bu duruma, məqama çatır. Hərdən xəyallarım kabusa dönür, Hökm edən dünyanı devirmək üçün. Harada zülmət var, oraya enir, Əyrini düzünə çevirmək üçün. Mənim əqidəmin fikir karvanı, Bir sivri ox kimi sıyrılır qından. Keçir məkanları, ötür zamanı, Aqillər bir fayda götürsün ondan. Qələmdə donubdur, mən də donmuşam, Fikirlər, xəyallar çuğlayır məni. Bu dərdli dünyanı bir mən qanmışam? Dünyanın özü də ağlayır məni. Öyrəndim dünyanın fəlsəfəsini, Fikirlər ayrılıb, yollar ayrılıb. Diqqətlə dinlədim azan səsini, Ondan da nə qədər qollar ayrılıb. Dünyanı yaradan bir Allah isə? Bəs niyə bu qədər dinlər yaranıb? İnsanlar bölünüb yaxşıya, pisə, Mələklər, şeytanlar, cinlər yaranıb? İdraka sığmayır qos-qoca dünya, Bilinmir durumu, nə də gərdişi. Kim qavraya, kim anlaya, kim duya, Əzəldən beləymiş dünyanın işi. Bir baxaq dünyanın fəlsəfəsinə, İnsan varlığını dərk edən andan. Uymuşdur göylərdən gələn səsinə, Min illər keçsədə yox fayda ondan. İnsan düsüncəsi, insan zəkası, Yaratdı dünyanın fəlsəfəsini. Hər təlimin qoyuldu bir əsası, Onlar da gördülər vəzifəsini. Fəlsəfə dinlərdən əvvəl yarandı, Ançaq o, basqıdan xilas olmadı. Fəlsəfə yenə də dinə bağlandı, Bu dünya Adəmə, Nuha qalmadı. |