ZAMAN
ZAMAN
Dünyanı bəladan qurtarmaq olar, Ədalət toxumu əkilən zaman. Hərdən tarazlığı pozulub gedir, Dünyanın ətəyi bükülən zaman. Haqqın divanına qurulmayıb taxt, İnsanın üzünə gülməyibdi baxt, Ədalət divanı yıxıldı o, vaxt, İsalar çarmıxa çəkilən zaman. İnsan taleyini tanrılar yazdı, Falçılar, cindarlar tərsinə yozdu, Məxluqat o, zaman yolunu azdı, Mələklər göylərdən tökülən zaman. İnsanlar qul oldu, hökmə baş əydi, Fələyin qırmancı yoxsula dəydi, Həyatın özü də məzlumu döydü, Zalımın binası tikilən zaman. Coculu dünyanı idrakla duydu, Kimlərdə ruhları ən önə qoydu, İnsanlar dünyaya təlimlər yaydı, Birliyi, vəhdəti sökülən zaman. DÜNYANIN HARASINDAYAM Taleyim top kimi oynadır məni, Hələ də yolların arasındayam. Ruzigar ağarır, gah da qaralır, Nə ağında, nə də qarasındayam. Yollar ayrıcında donub da qaldım, Səbrim çox tükəndi boşaldım, doldum, Nədəndir bu qədər bəxti kəm oldum, Bilmirəm dünyanın harasındayam. Demirəm bəxtimə düyün vurublar, Mən haqqa gedərkən tələ qurublar, Namərdlər qəsdimə yaman durublar, Sönməmiş ocağın qorasındayam. Kimi atın mindi çapdı dörd nala, Kimi ulaq ilə düzəldi yola, Kimi də boylandı gah sağa, sola, Yolu bağlıların sırasındayam. Nadandır oynadan çövkan oynunu, Topu düz tutanın vurur boynunu, Pozulub dünyanın mizan qanunu, Dünyanın çirk verən yarasındayam. Həyatın yolları, izi qarışıb, Dünyanın əyrisi, düzü qarışıb, Harada dünyanın özü qarışıb, Bax elə dünyanın orasındayam. |