QARTALIN SƏBRİ (Təmsil)
Bir zaman dağlarda bir qartal vardı,
Kəskindi yığvalı, bəxti də yardı. Güclü qanadıyla səmada süzür, Fərəhlə ovunu yuvaya düzür. Yoxdu qabağında durub dikələn, Hünərlə, qeyrətlə qarşıya gələn. Səma hökmüdarı o məğrur qartal Həvəslə, eşq ilə çalır pərü-bal. Bir gün eşitdi ki qara qarğalar Yaşayır üç yüz il, dahası da var. Öz nəsil yaşını maraq eylədi, Ona xəbər verən belə söylədi: Qartallar yaşayır səksən-doxsan il, Ancaq hər qartalın qisməti deyil. Hələ ki gənc idi bizim qəhrəman, Ömürdən qorxusu yox idi bir an. Elə ki qırx yaşa gəlib yetişdi, Caynağı, dimdiyi gücündən düşdü. Sərtləşdi qanadı, uça bilmədi, Dərdini kimsəyə aça bilmədi. Ac qaldı yuvada bir xeyli zaman, Küsdü öz bəxtindən, üzüldü yaman. Bir şahin quşuna bu xəbər çatdı, Fikirlər qoynunda dərd-qəmə batdı. Özünü qartala yetirdi dərhal, İstədi eyləyə bir az hal-əhval. Ac idi, qartalın yoxdu taqəti, Gücü-qüvvəsi də qalmamış qəti. Şahin pərvaz etdi göylərə sarı, Bir qədər yem tapsın bədbəxtə barı. Ovladı quşlardan, qartala gəldi, Yedi ov ətindən o, hala gəldi. Qartala yem verdi şahin neçə gün, Dirçəlib canlandı qartal büsbütün. İstədi səmaya pərvaz eyləyə, Geri döndüyünü göyə söyləyə. Fəqat, qanadları sözə baxmadı, Qartal şimşək kimi göydə çaxmadı. Kövrək dimdiyini daşlara vurdu, Ağzını-burnunu bir anda qırdı. Eşdi caynağıyla torpağı-daşı, Qərq oldu yerlərə gözünün yaşı. Düşdü caynaqları pəncələrindən, Fikirə qərq oldu daha dərindən. Düşündü səbr etmək yenə yaxşıdır, Səbrə macal vermək varlıq naxşıdır. Sığndı yuvaya çəlul, mükəddər, Şahin yem daşıdı ona nə qədər. Bu işdən uzun bir zaman ötüşdü, Səbrlə bir məqam gəlib yetişdi. Dimdiklə caynağı yenidən gəldi, Qartalın fərəhdən çöhrəsi güldü. Ancaq qanadları çox pərişandı, Bunu görüb qartal odlara yandı. Tutub caynağıyla yoldu tükləri, Eylədi özünü lüm-lüt bir dəri. Bağladı bəxtini səbrin daşına, Görək nə gələcək igid başına? Vəfalı şahini gəldi köməyə, Ov əti gətirib ona yeməyə. Beləcə bir zaman şahin bəslədi, Bir gün xoşbəxtliyi onu səslədi. Göründü çox incə, yumşaq tükləri, Sevinc üz göstərdi o gündən bəri. Gəldi öz yerinə şux qanadları, Təmkini, səbiri olmuşdu yarı. Haqqın hikmətindən qartal güc aldı, Əngin səmalara doğru ucaldı. Qıy vurub göylərdə yenə dolandı, Səbrsiz çətinlik getməz, yalandı. Səbrlə yetişər Haqqın rəhməti, Onsuz üzü gülməz kimsənin qəti. Çətinlik önündə səbr eylə ki sən, Hər bir məşəqqətə qalib gələsən. 03.04.2020. |