MƏNİM İŞİM SƏNİNLƏDİR, İLAHİ*** Adəm kişi,Həvva qarı nəkara, Mənim işim səninlədir,ilahi. İsa dedik,Musa dedik,bekara, Mənim işim səninlədir,ilahi. * Çiy palçıqdan əza yapdın,nə işim, Ölçdün,biçdin fəza yapdın,nə işim, Bir buğdaya cəza yapdın,nə işim, Mənim işim səninlədir,ilahi. * Havlanıram,hovlanıram adınla, Pusqu qurub ovlanıram adınla, Min illərdi tovlanıram adınla, Mənim işim səninlədir,ilahi. * İnkir-Minkir,cəbrə lüzum görmürəm, Adam boyu qəbrə lüzum görmürəm, Yetər artıq,səbrə lüzum görmürəm, Mənim işim səninlədir, ilahi. * Baş açmıram bu imandan, təqvadan, Bu cihaddan,bu savaşdan,qovğadan, Səni tutdum əlim çıxdı dovğadan, Mənim işim səninlədir, ilahi. * Sən bilirsən bu gizlidir,bu bəlli, Qiyamətin əzabıma təsəlli, Nə vallahu,nə allahuməsəlli, Mənim işim səninlədir, ilahi. *** |