HƏLƏ BAŞIMDADIR KÖNƏ HAVALAR
***
Hələ başımdadır köhnə havalar, İndi elə vaxtım,elə çağımdır Hər hava üstündə oynamağım var. Mənim yaşamağım oynamağımdır. * Köhnə havalara tamarzıyam,o Qaval havasına,tar havasına. Azmı oynamışam ayaqyalın mən, Yağış havasına,qar havasına... *... Hələ başımdadır köhnə havalar, Koroğlu havası-cəngi havası. Bir az zaman üstə dəmi dəyişib, Elə o vaxtkıdır rəngi,havası. * ...Düşüb təqvimlərin vərəqlərində Otuzun altında yaş axtarıram. Fırlatdım Şeytana dəymədi,indi Beşdaş oynamağa daş axtarıram. * Albayraq,ənzəli... Hə,biri də var. Gizlənpaç,açdım qaç... Yuman elə mən. Çox şeyə göz yumub dəm tuta-tuta, Salıb itirmişəm gələ-gələ mən. * Bağım,xiyabanım xatirələrim, Elə kövrəyəm ki,nar çiçəyində. Üstündə gəzirəm arılar kimi, Bütün varım,yoxum bar çiçəyində... * Hələ başımdadır köhnə havalar, Torpağın havası,kəndin havası. Hərləyib,fırlayıb nənəm yatanda Qənddandan çaldığım qəndin havası... *... Bu qədər yaşadım,zarafat deyil, Başım dərd içində, oyun içində. Xəyalım fikrimin hüdudlarında, Özüm qarğa-quzğun,qoyun içində. * Yaşımın göz vurur sarı işığı, İçimdən bir acı,bir sızı gəlir. Qorxuram böyürdən basıb keçməyə, Bilirəm,dalınca qırmızı gəlir. * Başımda havalar,oynadır məni. Adlarsam o yana,qəzası böyük. Burda sən öl vurmaq,yalvarmaq keçmir, Burda xətaların cəzası böyük... * Hansı xatirələr salır yadıma, Həftəbir oyanıb sönən havamı. Gözümü yaşardıb sədaqətiylə, Saçımda bəyaza dönən havamı. * Deyirsən... Həyatın harası gözəl, Elə qüssəsi var,elə qəmi var. "Vağzalı" üstündə yaşadır məni, Hələ başımdadır köhnə havalar. *... Hələ başımdadır köhnə havalar, Cırtdanın meşədə nağıl havası. Üç yol ayrıcında qalmışam,yoxsa Səs,işıq havası,ağıl havası. * Hər hava üstündə oynamağım var... Sanki,ip üstündə gəzən biriyəm. Yıxsan,yıxılsam da ağlamaram heç, Mən ipə,kəndirə dözən biriyəm. *** |