YORULMUŞ YABINI QOVMAYIN,YETƏR
***
Yorulmuş yabını qovmayın,yetər, Yorulmuş yabıya nalı da yükdür. Ağzının köpüyü gəmindən axır, Boynuna bir əlçim yalı da yükdür. * Kəsəkli yolları o baş bu başa Sırtında nə qədər yük çəkmiş yazıq. İxtiyar yaşında halı pərişan, Hələ minilməyə gərəkmiş yazıq. * Yüyəni dartılıb cilovlandıqca Cəfası cəngində yara bağlamış. Əzabın rəngini culundan alıb Allah taleyinə qara bağlamış. * Sırsıra yalında buz bağlayanda Sıcaq köşələrdə yatırdı millət. Kimsə noğul yeyib şərbət içəndə, Başını samanla qatırdı millət. * Bir qarın çörəyə qaçdı yolları, Duyduğu nəvaziş bircə "dəh" oldu. Vaxtında yetsə də mənzil başına, Yenə də danlandı o, "əbləh" oldu. * Arıq yanbızında qamçı izləri, Döyüldü,söyüldü ,dinə bilmədi. Pisliyi unutdu mənzil başında, Ancaq yaxşılığı dana bilmədi. * Allahdan rəva mı, dilsiz ağızsız İxtiyar yabıdır, qovmayın yetər. İllərdi dartınır umudlarına... Bir gün bu yollar da sonuna bitər. * Bir gün bu yollar da sonuna bitər, Bitər yabıların iztirabları. Dartar öz yükünü şərəflə,şanla, Dönər ləyaqətlə evinə sarı. *** |