MƏN OLMUSAN SƏN
******
***** Səni sünbülümün dəni bilmişəm, Ruhumun imanı,dini bilmişəm, Özümü unudub səni bilmişəm, Fikrimdə,ağlımda mən olmusan sən. * Eşqin zil yerindən enən deyildim, Hər sözə,tənəyə dinən deyildim, Mən ki,öz yolumdan dönən deyildim, Yolumdan döndərən sən olmusan,sən. * Könlümün ovqatı,dizimin giri, Dönüb qayıdaydım azacıq geri, Ötən günlərimin ağrılı yeri, Saçımın telində dən olmusan sən. * Pərvanə dedilər,şama yanmadım, Sevmir söylədilər,mən inanmadım, Haqqı,dini dandım,səni danmadım, Ömrümdə hər şeyə tən olmusan sən. * Şirin yuxudayam oyat,yola sal, Dalımca bir ovuc su at,yola sal, Bezmişəm,gedirəm,həyat,yola sal, Yollarımda duman,çən olmusan sən, *** |