Ay Qoşabulaq
Ay Qoşabulaq
Nəfəsin getməyi anidi, bıydı, Bu dünya canidi, canlara qıydı, Ağrılar acıdır, amandı, hoydu, Heyrətəm işinə, bıy, Qoşabulaq! Qartalların qayalarda qıy çəkər, Kəkilli kəkliklər səyriyər, səkər, Susmaram, susasam suların şəkər, Bir qaşıq suyundan qıy, Qoşabulaq! Qəlbim də quzudu, anasız mələr, Mənim dodağımda donan kəlmələr, Sənin də dilində susan nəğmələr Üzməsin ürəyim qoy Qoşabulaq! Dərin - dərin dərələrdən yellənər, Qar əriyər, sel gələndə sellənər, Sınıq könlüm tel-tel olar, tellənər, Dərindən dərdimi duy Qoşabulaq! Neçə laydan, neçə qatdan sızırsan, Nə ilinir, nə isinir, qızırsan, Qıjhaqıjla qaj yolunu cızırsan, Qovuşmaz yolların ay Qoşabulaq! Qoç kəsilər, qonaq – qara qoynunda, Mehmanların mirvaridi boynunda, Oy dedikcə ovqat açır oynun da, Mart keçib, gələndə May Qoşabulaq! Bir yanın Torendi, bir yanın Təhməz, Bir yanda tutundan tutular bəhməz, Turş olsan gözündən əmliklər əmməz, Onda da olarsan zay, Qoşabulaq! Səngərli ömrünü bağışlar elə, Hay düşər obaya, oymağa, belə, Göz yaşın dönəndə çağlayan selə Bax onda deyərsən vay, Qoşabulaq! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 12.04.2012 |